Həyatı

İslamın Zühuru

HƏMZƏNİN İSLAMI QƏBUL ETMƏSİ

Günlərin bir günündə Əbu Cəhl Səfa dağının yaxınlığında Peyğəmbər (s)-la üzləşərək ona nalayiq sözlər deyir, lakin Peyğəmbər (s) ona çavab qaytarmır. Abdullahh ibni Cuda’nın kənizi bu hadisənin şahidi olur. Çox keçmədən Həmzə ovdan Məkkəyə qayıdır. Həmzə adəti üzrə ovdan qayıdanda Kə’bə evini təvaf edər, sonra isə Qüreyşlilərin yığıncaqlarına gedib onlarla söhbət edərdi. Qüreyşlilər Həmzəni səxavətli olduğuna görə çox sevərdi. Bu dəfə də adəti üzrə tanışları ilə söhbət etməklə məşğul olan zaman bir kəniz onun yanına gedərək dedi: Kaş burada olaydın, görəydin ki, Əbu Cəhl qardaşın oğluna nələr dedi. Həmzə Əbu Cəhlin ardınca gedib onu məsciddə camaatın arasında gördü. Kamanını onun başına elə vurdu ki, başı ağır yaralandı. Sonradan dedi: Sən Məhəmməd (s)-ı söyürsən, bilmirsən ki, mən onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm. Bəni Məxzum Əbu Cəhli müdafiə etmək üçün ayağa qalxmaq istədikdə o, dedi: Həmzəyə əl vurmayın! Çünki mən onun qardaşı oğluna yaramaz sözlər demişəm. Bu hadisədən sonra Həmzə də müsəlmanların sırasına daxil oldu. Qüreyşlilər bundan belə Məhəmməd (s)-ı zərərdən qoruya biləcək Həmzə kimi müdafiəçisi olduğunu gördükdən sonra ona çox mane olmadılar.

MANEƏLƏRİN UĞURSUZLUĞU

Qüreyş başçıları yeni dinin qarşısını almaq üçün hiyləyə əl atırdılar. O cümlədən Peyğəmbəri incitmək, arxasınca yaramaz sözlər demək, ona tabe olanlara zərər yetirmək, “şairdir, dəlidir, sehrbazdır” sözləri ilə təhqir etmək. Lakin bu atılan addımların heç birinin faydası olmadı. Bəni Əbud-Mənaf tayfasından olan Nəzr ibni Hərs bir müddət Hiyrə də yaşayaraq orada İran şahlarının və pəhləvanlarının qəhrəmanlıq dastanlarını öyrənmişdi. O yeni bir üslubdan istifadə edirdi, belə ki, Peyğəmbər (s) bir məclisdə əyləşib xalqa keçmiş ümmətlərin talelərini xatırladaraq onları nəsihət edir, Fir’on, Saleh və Səmud qövmünün hekayələrini onlara danışar sonra isə durub gedərdi. Bunun ardınca Nəzr onun yerinə əyləşib deyərdi ki, ey Qüreyşlilər and olsun Allaha mən sizə Məhəmməd (s)-ın söylədiyi dastanlardan yaxşı dastanlar danışacam, gəlin mənim söylədiklərimə qulaq asın. Bə’zi təfsirçilər yazırlar ki, Nəzr o kəsdir ki, Qur’an onun barəsində belə deyib:
Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, – deyən şəxsdən daha zalim kim ola bilər?
Ancaq Qüreyş kafirlərinin və Nəzrin təsəvvürünün əksinə olaraq xalqın ürəyini cəlb edən və müsəlmanlığa rəğbət yaradan keçmiş ümmətlərin hekayələri deyildi; sadəcə olaraq bu dastanlar müqəddimə xarakteri daşıyırdı, onun ardınca isə nəsihətlər, ürəkyananlıq və ən başlıcası isə gözəl və insani həyat və’dəsi verilirdi. Dastanlar qullar və zəif təbəqənin nümayəndələrinə müjdə verirdi ki, bu günün zülmkarları da keçmiş dövrün zalimləri tək məhv olacaqlar və hakimiyyət onların əlinə keçəcək.
İbni İshaq yazır ki, Qüreyş başçılarından olan Əbu Süfyan, Əbu Cəhl və başqaları gecələr gizlincə Məhəmməd (s)-ın xalqı nəsihət etdiyi evə gedərək onun sözlərinə və Qur’an ayələrinə qulaq asardılar. Sübh çağı oradan qayıtdıqdan sonra bir-birlərinə deyərdilər ki, daha belə iş görməyək. Bizim rəftarımız səbəb olar ki, qəbilənin nadanları da Məhəmməd (s)-ın sözlərinə uysunlar. Bununla belə onlar bir neçə axşam ardıcıl olaraq o evə gedirdilər. Nəhayət nə edəcəkləri barədə əyləşib məşvərət etdilər. Bəni Məxzum tayfasından olan Əbu Cəhl dedi: Biz Əbd Mənaf övladları ilə hakimiyyət uğrunda daim mübarizə aparırdıq və bu mübarizədən bir addım belə geri çəkilmədik, sonda dedilər ki, göydən bizə vəhy gəlir. And olsun Allaha mən heç vaxt ona iman gətirməyəcəm.

HƏBƏŞƏYƏ HİCRƏ

Müsəlmanların sayının artıması ilə bərabər Qüreyşin Məhəmməd (s)-a qarşı düşmənçiliyi də çoxalırdı. Lakin Qeyd etdiyimiz kimi, Peyğəmbər (s)-ı Əbu Talib himayət etdiyinə görə və qəbilələr arasında bağlanmış əhd-peymana əsasən şəxsən Peyğəmbər (s)-a zərər yetirə bilmirdilər. Ancaq onun ardıcıllarına, xüsusilə də köməksiz olanlara əllərindən gələni əsirgəmirdilər. Yeni müsəlmanlara işgəncə verilməsi Peyğəmbər (s)-ı daha çox narahat edirdi. Nəhayət onlara əmr edir ki, Həbəşəyə getsinlər. Onlara belə dedi: O ölkənin padşahından heç kəs zülmə mə’ruz qalmayıb, oraya gedin ki, Allah sizləri bu müsibətdən qurtarsın. Qüreyş başçıları müsəlmanların Həbəşəyə getməsindən xəbərdar olduqdan sonra Əmr ibni A’s və Abdullahh ibni əbi Rəbiə’ni Həbəş padşahı Nəcaşinin yanına göndərdilər ki, onları geri qaytarsın. Nəcaşinin hüzurunda Qüreyşin nümayəndələri dedilər: Bizim bir neçə düşüncəsiz nökərlərimiz öz atalarının dinindən üz döndərib sizin və bizim tanımadığımız bir əqidəni qəbul ediblər. Bizim əhalinin başçıları sizdən onların geri qaytarılmasını istəyirlər. Nəcaşi dedi: Gərək onları da dinləyəm. Müsəlmanlardan sual edən zaman Cə’fər ibni əbu Talib onların nümayəndəsi kimi dedi: Biz bütpərəst idik, ölü heyvan yeyər, çirkin işlər görərdik. Allah tanıdığımız sadiq olan bir şəxsi bizim içərimizdən peyğəmbər göndərdi. O bizi tək Allahlığa, düzgün danışmağa, əmanətdar olmağa, qohumların hüququnu qorumağa, yaramaz işlərdən çəkinib namaz qılmağa, zəkat verməyə də’vət etdi. Biz də ona iman gətirdik. Ancaq bizim bu yaxın adamlarımız bizi incidir və yenidən bütpərəstliyə də’vət edirlər. Biz qəbul etmədik və işgəncələrə dözməyərək sizin yanınıza gəldik. Qüreyş nümayəndələri onlardan İsa (ə) barəsində nə deyəcəklərini soruşmasını istədilər. Cə’fər “Məryəm” surəsinin ayələrini oxudu. Nəcaşi əsasını əlinə götürərək dedi: Bunların dedikləri ilə İsa (ə)-ın dedikləri arasında əlimdəki əsa qədər fasilə vardır. Gedin! Mən bunları sizə verən deyiləm. Müsəlmanlar elə oradaca qaldılar. Bir müddətdən sonra onların bir neçəsi Məkkəyə döndü, lakin onların böyük əksəriyyəti Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra oraya getdilər.

Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10

Müzakirələr

“İslamın Zühuru” yazısı üçün 1 şərh var

  1. D3GEt0 mvxovslijsxf, [url=http://vctdoqsooefw.com/]vctdoqsooefw[/url], [link=http://rjnbyyhnufvd.com/]rjnbyyhnufvd[/link], http://adznappjhbcw.com/

    Göndərən nbrpil | Kasım 10, 2009, 05:56

Şərh yazın

Ən son şərhlər