Həyatı

İslamın Zühuru

BƏNİ HAŞİMİN MÜHASİRƏYƏ ALINMA PLANI
(İQTİSADİ MÜHASİRƏ)

Qüreyş başçıları Məkkədə müsəlmanların günbəgün artmasını, həmçinin Nəcaşinin Həbəşə mühacirlərini təslim etməməsini gördükdən sonra qərara gəlirlər ki, Məhəmməd (s)-ı, bütövlükdə bəni Haşimi iqtisadi çətinliyə salsınlar. Buna görə də əhd-peyman bağlayırlar ki, bundan sonra heç kəs Haşim və Müttəlib övladlarına nə qız versin, nə də onlardan qız alsın. Nə onlara bir şey satsın, nə də onlardan bir şey alsınlar. Sonra bu əhdnaməni Kə’bə evinin qapısına asdılar. Bu hadisədən sonra bəni Haşim və bəni Əbdül-Müttəlib çarəsizlikdən Əbu Yusif dərəsində (sonralar Əbu Talib dərəsi kimi məhşurlaşdı) iqtisadi mühasirəyə düşdülər.
Bəni Haşimin mühasirəsi üç il iki ay çəkdi. Çox ağır keçən bu müddət ərzində onların bir neçə yaxın adamları gecə buğda və ya digər yeməli şeylər onlar üçün aparardılar. Bəni Haşimlə kəskin düşmən olan Əbu Cəhl bu hadisədən xəbər tutaraq bir gecə Xədicəyə buğda aparan Həkim ibni Hizama mane oldu. Başqa adamlar bu işə qarışaraq Əbu Cəhli danladılar. Yavaş-yavaş bir dəstə adam gördükləri işdən peşiman olaraq bəni Haşimi müdafiə etməyə qalxdılar. Necə ola bilər ki, bəni Məxzum rifahlı həyat sürdüyü halda bəni Haşim və bəni Əbdül-Müttəlib çətinlikdə qalsınlar. Nəhayət dedilər ki, gərək bu müqavilə ləğv olunsun. Bu müqavilədə iştirak edənlərin bir dəstəsi qərara gəldilər ki, onu cırsınlar. İbni İshaqdan rəvayət edən ibni Hişamın söylədiyinə görə onlar gedib əhdnaməni cırmaq istədikdə gördülər ki, bu müqavilənin “Ey mənim Allahım Sənin adınla başlayıram” kəlməsindən başqa qalan yerlərini qurd yeyib.
İbni Hişam yazır ki, bə’zi alimlərin dediyinə görə Əbu Talib Qüreyşlilərin toplantısına gedərək dedi: Qardaşım oğlu deyir ki, siz yazdığınız əhdnaməni Allah adından başqa qalan yerlərini qurd yeyib: Baxın görün, əgər o, dediyi düz çıxsa bizi bu mühasirədən azad edin, yox əgər düz çıxmasa mən onu sizə təslim edəcəm. Gedib baxıb görürlər ki, qurd, Allahın adından başqa bütövlükdə müqaviləni yeyib. Beləliklə bəni Haşimin mühasirəyə alınma müqaviləsi ləğv oldu və onlar Əbu Talib dərəsindən çıxdılar.

HƏZRƏT ƏBU TALİB VƏ XƏDİCƏNİN VƏFATI

Xədicə ilə Əbu Talibin vəfatı (hicrətdən üç il əvvəl) bir ildə baş verdi. Peyğəmbər (s) hər ikisinin ölümündən çox mütəəssir oldu. Əbu Talib onun arxası idi və onun sayəsində Qüreyş başçıları Həzrətə zərər yetirə bilmirdilər. Onun vəfatından sonra Peyğəmbər (s)-a qarşı təzyiqlər şiddətləndi və hətta iş o yerə çatdı ki, Həzrət yolla gedəndə başına toz-torpaq belə tökürdülər. Lakin Xədicə onu sakitləşdirər, rəqibləri təhqir edib söydüyü zaman ona ürək-dirək verərdi.
Əbu Talibin vəfatı ilə hakimiyyət bəni Haşimdən Əbu Ləhəbin əlinə düşdü. Əbu Ləhəb Peyğəmbər (s)-ın kəskin düşmənlərindən idi, artıq onu Qüreyşin işgəncəsindən qoruya biləcək bir adamı yox idi. Çarəsizlikdən bu günlərdə Taifə səfər etdi ki, o şəhərdə yaşayan Səqifə qəbiləsini islama də’vət etsin. Orada şəhərin böyüklərindən olan üç nəfəri (Əmr ibni Uməyrin oğulları) dinə də’vət etdi. Ancaq onlar onu soyuqqanlıqla qarşıladılar. Biri dedi: Mən Kə’bə evinin örtüyünü cıraram ki, sən peyğəmbər deyilsən! O birisi dedi: Allah səndən başqa bir adam tapmadımı peyğəmbər göndərsin? Üçüncüsü isə dedi: Mən sənə cavab verməyəcəyəm, çünki əgər həqiqətən peyğəmbər olsan, sənin dediklərinin əleyhinə çıxa bilmərəm, yox əgər yalan demiş olsan səninlə söhbət etməyə dəyməz. Sonra əxlaqsız və nadan əhalini ona qarşı qaldıraraq oradan çıxardılar.
Həzrət Məhəmməd (s) bir üzüm bağına sığındı. Orada Allaha dua edərək özünün zəif və çarəsiz olduğundan şikayətləndi: “İlahi öz acizliyimdən sənə şikayət edirəm. Xalq məni xar etmişdir, çarə tapa bilmirəm. Ey hər kəsə mərhəmətli olan! Məni kimə tapşırırsan? Mənə əhəmiyyət verməyən yadlaramı? Məni düşmənlərəmi tapşırırsan? Belə halda mənə qəzəblənməsən qorxum olmaz! Sənin mənə təqdim etdiyin azadlıq necə də əhatəlidir! Səni qaranlıqları işıqlandıran, bu dünyanı və o biri dünyanı nizamlayan zatının nuruna and verirəm ki, mənə qəzəblənib məndən narazı qalma! Səndən üzr istəyirəm ki, məndən razı qalasan.” Rəbiənin oğlanları Utbə və Şeybə bu sözləri eşitdikdə ona ürəkləri yandı və bir qab üzümü xristian qula verərək onun yanına göndərdilər. Peyğəmbər (s) üzümü yeyərkən “Bismillah” dedi. Qul təəccüblə ona nəzər salaraq dedi: And olsun Allaha, bu şəhərin əhalisi belə sözlər danışmaz. Peyğəmbər (s) ondan soruşdu: Sən hansı dindənsən? Dedi: Məsihiyəm, özü də Neynəva əhalisindənəm. Məhəmməd (s) dedi: Təqvalı bir şəxs olan Yunis ibni Mətanın şəhərindənmi? Dedi: Sən Yunisi haradan tanıyırsan? Dedi: O Peyğəmbər idi, mən də Allah peyğəmbəriyəm. Bu söhbətlərdən sonra Əddas adlanan o qul müsəlman oldu və Peyğəmbər (s) Taifədən Məkkəyə döndü.

Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10

Müzakirələr

“İslamın Zühuru” yazısı üçün 1 şərh var

  1. D3GEt0 mvxovslijsxf, [url=http://vctdoqsooefw.com/]vctdoqsooefw[/url], [link=http://rjnbyyhnufvd.com/]rjnbyyhnufvd[/link], http://adznappjhbcw.com/

    Göndərən nbrpil | Kasım 10, 2009, 05:56

Şərh yazın

Ən son şərhlər