Nübüvvət

Nübüvvət

İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı

İnsan elminin məhdudluğu

Bəziləri soruşa bilər: peyğəmbərlərin insanları düz yola dəvət etmələri lazımdırmı? Məgər insan öz həqiqətlərini anlaya bilmirmi? Məgər elmin inkişaf etməsi sirlərin açılmasına və həqiqətlərin kəşf olunmasına kömək etmirmi? Bundan əlavə, onu da xatırladaq ki, peyğəmbərlərin insanlara öyrətdiklərini bəzən öz ağlımızla dərk edir, bəzən isə etmirik. Birinci halda (ağlımız peyğəmbərlərin dediklərini anladığı halda) peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. (Çünki onların dediklərini öz ağlımızla dərk edirik.) İkinci halda isə biz ağlımızın dərk etmədiyi şeyləri qəbul edə bilmərik. Başqa bir tərəfdən, peyğəmbərlərin dediklərini qəbul etmək üçün insan özünü tam şəkildə onların ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə qəbul edə bilərmi? Məgər peyğəmbərlər bizim özümüz kimi insanlar deyillər? Özümüzü özümüz kimisinin ixtiyarına verməyin nə mənası var?

Cavablar:

Bir neçə məsələni nəzərə almaqla bütün verilən sualların cavabı və peyğəmbərlərin insanların həyatındakı mövqeyi məlum olur.

1) Bilməliyik ki, bizim elmimiz məhduddur. Bəşər elmində bu qədər inkişafın olmasına baxmayaraq, yenə də bildiklərimizin bilmədiklərimizə olan nisbəti bir damla suyun dəryaya olan nisbəti kimidir. Bəzi böyük alimlərin dili ilə desək, bizim bütün bildiklərimiz dünya adlı kitabın əlifbasıdır. Başqa sözlə, bizim ağlımızın anlayış çərçivəsi elə bir məntəqədir ki, elm və bilik şüası onu işıqlandırır, bizim isə onun xaricindən xəbərimiz yoxdur. Peyğəmbərlər gəlib bu məntəqəni insanın ehtiyacı olan qədər işıqlandırır. Əslində bizim ağlımız böyük bir projektor, peyğəmbərlər və səmavi vəhy isə bütün dünyanı işıqlandıran günəşdir. Güclü bir projektora malik olan şəxs deyə bilərmi ki, mənim günəş işığına ehtiyacım yoxdur?

Daha açıq desək, həyata aid məsələləri üç hissəyə bölmək olar, ağlasığan, ağlasığmayan və məchul məsələlər.

Peyğəmbərlər heç vaxt ağlasığmaz, yəni ağıl və düşüncənin əksinə olan söz deməmişlər. Əgər deyiblərsə, peyğəmbər olmamışlar. Əksinə, onlar məchulları anlamaqda bizə kömək etmişlər. Bu da bizim üçün çox mühümdür. Buna əsasən, insanın ağlı olan yerdə və elmin bu qədər inkişaf etdiyi bir vaxtda «insanların peyğəmbərə ehtiyacı yoxdur» deyən şəxslər nə bəşər elminin çərçivəsini tanıyırlar, nə də peyğəmbərlərin risalətinin mənasını anlayırlar. Bu, birinci sinifdə əlifbanı öyrənmiş uşağın «mən hər şeyi bilirəm, dərs oxumağa və müəllimə ehtiyacım yoxdur» deməsinə bənzəyir. Bu söz əsassız deyilmi?

Bunu da deyək ki, peyğəmbərlər təkcə müəllim olmamışlar. Onların rəhbərlik məsələləri barədə gələn dərslərdə ətraflı söhbət edəcəyik.

2) Heç kim iddia etmir ki, insan özünü özü kimi olan başqa birisinin ixtiyarına verməlidir. Məsələ burasındadır ki, peyğəmbərlərin səmavi vəhy, yəni, Allahın sonsuz olan elmi ilə rabitələri vardır. (Bunu gələn dərslərdə isbat edəcəyik.) Bu rabitəni biz qəti və möhkəm dəlillərlə tanımalıyıq. Bu surətdə onların dediklərini, təlim-tərbiyələrini can-başla qəbul etməliyik.

Əgər xəstə bir şəxs ona ürəyi yanan və öz ixtisasında mahir olan bir həkimin yazdığı reseptə əməl edərsə, səhv işmi görmüş olar? Peyğəmbərlər də böyük ruh həkimləridir.

Müəllimin dedikləri ağlımıza uyğun gələrsə, onu qəbul etməyin nə qəbahəti var? Peyğəmbərlər də, bəşərin böyük məllimləridir.

Yaxşısı budur ki, biz peyğəmbərlərin gəlməsinin lazım və zəruri olduğunu sübut edən dəlilləri daha dəqiq araşdıraq.

Səhifələr: 1 2 3 4 5 6

Müzakirələr

“Nübüvvət” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər