Nübüvvət

Nübüvvət

1. Təlim-tərbiyə cəhətdən olan ehtiyac

Əgər bir nəfər xəyalında nurdan hazırlanmış və saniyədə 300000 kilometr məsafəni qət edən bir miniyə minib geniş asimanda dövr etsə, bu kainatın təkcə bir guşəsini müşahidə etmək üçün onda Nuh ömrü lazımdır.

Kainat bu qədər genişliyi ilə, yəqin ki, əbəs yerə yaradılmayıb. Allahı tanıma bəhslərində demişik ki, bu dünyanın yaranmasında Allaha heç bir fayda, mənfəət gəlmir. Çünki o, hər cəhətdən kamil və ehtiyacsız bir varlıqdır. Onun nöqsanı olmadığından, bu dünyanı xəlq etməklə həmin nöqsanı aradan qaldırmaq istədiyini söyləyə bilmərik . Deməli, Allahın dünyanı yaratmaqda məqsədi başqalarına fayda və mənfəət vermək, məxluqatı kamala çatdırmaqdır. Necə ki, günəş bizə ehtiyacı olmadığı halda yerə saçır və bunun yalnız biz faydası var. Bizim isə günəşə bir xeyrimiz yoxdur.

Bundan əlavə, bizim biliyimiz kamilliyə yetişmək üçün kifayət edərmi? Biz bu dünyanın sirlərindən nə qədərini bilirik? Ümumiyyətlə, həyatın mənası nədir? Bu dünya nə vaxtdan yaranıb? Heç kim bu suallara düzgün cavab verə bilmir. Bu dünya nə vaxtadək davam edəcəkdir? Buna da düzgün bir cavab verən tapılmır. İqtisadi və ictimai həyat barədə bəşər alimlərinin hər birinin öz nəzəriyyəsi vardır. Məsələn, bir qrup kapitalizmi, başqa bir qrup sosializm və kommunizmi tövsiyə edir. Üçüncü qrup isə hər ikisinin ziyanlı olduğunu bildirərək heç birini bəyənmir. Həyatın digər məsələlərində də alimlər arasında bu cür nəzəri ixtilaflar çoxdur. Bu yerdə insafla etiraf etməliyik ki, insanın yaranışının əsl məqsədi olan təkamülə yetişmək üçün düzgün və həqiqətlə uyğun olan təlim-tərbiyəyə ehtiyacı var. Bu təlim-tərbiyə elə olmalıdır ki, bu uzun məsafədə bizə mənzil başına çatmaqda kömək olsun. Bu da yalnız Allahın elmi ilə, yəni peyğəmbərlərə göndərdiyi vəhylər nəticəsində mümkün olur. Məhz buna görə də, bizi xəlq etmiş Allah bizə yolu qət etmək üçün həmin elmi verməlidir. (Bu da ancaq peyğəmbərlərin vasitəsi ilə mümkündür.)

2. İctimai və əxlaqi cəhətdən rəhbərə olan ehtiyac

Bildiyimiz kimi, insanın vücudunda ağıl və düşüncədən başqa bir sıra istək və meyllər də vardır. Məsələn, özümüzü sevmək meyli, hirs və qəzəb meyli, şəhvət və digər meyllər. İnsan öz (heyvani) meyllərinin qarşısını almaq üçün hər tərəfdən, hər nəzər və cəhətdən kamil olmalıdır. O şəxs rəftarı , söhbəti, hərəkətləri ilə əsl əxlaqı, tərbiyəni, mənəviyyatı insanlara öyrətməlidir. Məsum peyğəmbərlədən başqa kim bu işin öhdəsindən gələ bilər? Məhz buna görə də mehriban və qadir Allah bəşəri bu cür insanlardan məhrum etməmiş və insanlar üçün rəhbər, müəllim, əsl mənada desək, peyğəmbərlər göndərmişdir.

(Bu bəhsin davamını gələn dərsdə oxuyacaqsınız.)

Qanun təyin etmə nəzərindən

peyğəmbərlərə olan ehtiyac

Ötən dərsdə insanların peyğəmbərlərə olan ehtiyaclarının cəhətini, yəni təlim və tərbiyə cəhətindən olan ehtiyacını öyrəndik. İndi isə növbə peyğəmbərlərin insanların həyatında ən əsas rolu olan ictimai qanunlarla bağlılığına yetişmişdir.

Məlum olduğu kimi, insanların ən böyük və əsas xüsusiyyəti, onların hər bir sahədə qazandıqları uğurların səbəbi ictimai şəkildə yaşamalarıdır. Qətiyyətlə demək olar ki, əgər insanlar bir-birindən ayrı yaşasaydılar, indi onların hamısı fikir, düşüncə, mədəniyyət tərzi nəzərindən eynilə daş dövrünün insanları kimi olardılar. İnsanlara mədəniyyət bəxş edən, onların elmini bu qədər inkişaf etdirən yalnız ictimai yaşamdır. Məsələn, aya uçuşu təsəvvür etsək, görürük ki, bu, bir, yaxud bir neçə nəfərin səyi nəticəsində yox, milyonlarla alimin min illərlə göstərdiyi səylər, təcrübələr, kəşflər nəticəsində həyata keçmiş bir işdir. Yaxud indiki zamanda mahir və təcrübəli bir həkim özü ölmüş, lakin qəlbi hələ döyünməkdə davam edən insanın ürəyini başqa bir insanın ürəyi ilə əvəz edərək onu ölümdən xilas edərsə, bu minlərlə həkim və cərrahın səyi nəticəsində və onların indiki şagirdlərinin əli ilə həyata keçmiş bir işdir. Əlbəttə, bunu da xatırladaq ki, bu cür ictimai yaşayışın bəzi mənfi cəhətləri də vardır. Məsələn, bir-birinin haqqını tapdalamaq, bir-birinə təcavüz və zorakılıq etmək, hətta bəzən bir-birinə (ölkə-ölkəyə) qarşı müharibə və qırğın törətmək kimi nümunələri göstərmək olar. Bu halda qanuna, nizam-intizama olan ehtiyac aydın hiss olunur.

Qanun insanların üç əsas çətinliyini aradan qaldırır:

1) Qanun hər bir insanın cəmiyyət qarşısında, eləcə də cəmiyyətin hər bir insan qarşısında vəzifəsini müəyyən edir. İstedadları çiçəkləndirərək səyləri bir-biri ilə uyğunlaşdırır.

2) Qanun insanların öz vəzifələrinə əməl etmələri üçün lazım olan nəzarətin yaranmasına yol açır.

3) Qanun insanların bir-birinin hüququna təcavüz etməsinin qarşısını alaraq hər cür hərc-mərcliyin, çəkişmələrin baş verməsinə mane olur və lazım olduğu vaxt caniləri münasib cəzaya məhkum edir.

Ən gözəl qanun təyin edən kimdir?

İndi görək, insanların ehtiyacı olan qanunları kim daha gözəl təyin edə bilər? Bu şərtlə ki, yuxarıda deyilən üç bəndin hamısına riayət olunsun. Bu məsələni daha yaxşı açıqlamaq üçün sadə bir misaldan istifadə edirik.

İnsan cəmiyyətini uzun bir qatara, qanunları isə həmin qatarı idarə edən lokomotivə bənzətmək olar. Qanun bütün yol boyu çəkilmiş və qatarın məqsədini təyin edən relsdir. Məlumdur ki, yaxşı dəmir yolu aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A) Qatarın keçəcəyi yollar qatarın bütün ağırlığını saxlaya bilməlidir.

B)İki relsin arasında olan məsafə qatarın təkərlərinin məsafəsi ilə uyğun gəlməlidir. Həmçinin, yol boyu tunellərin hündürlüyü qatarın hündürlüyünə münasib olmalıdır.

V) Qatarın əyləc sistemi yollardakı eniş-yoxuşun öhdəsindən gələ bilmədir.

Q) Yollarda baş verə bilən hadisələr dəqiq hesablanıb ehtimal edilməlidir ki, qatar bütün məsafəni salamat gedə bilsin.

Bu misalı nəzərə alaraq insan cəmiyyətinə qayıdırıq. İnsanlar üçün qanun təyin etmək istəyən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A)Müxtəlif insanları yaxşı tanımalı, onların bütün istək, meyl və ehtiyaclarından agah olmalıdır.

B)İnsanlarda olan bütün dəyər və istedadları nəzərə alaraq onların çiçəklənməsi üçün qanun təyin etməlidir.

V) Cəmiyyətdə baş verən hadisələri, eləcə də onlara qarşı göstərilə biləcək müqavimətləri qabaqcadan bilməlidir.

Q) Cəmiyyətdən heç bir şəxsi mənafe güdməməli və qanun təyin edən zaman özünün və ya yaxın adamlarının xeyrini düşünməməlidir.

D) Gələcəkdə həyata keçəcək inkişaf və geriləmələrdən xəbərdar olmalıdır.

E) Son dərəcə səhvsiz, nöqsansız və eybsiz olmalıdır.

J) Nəhayət, qanun təyin edən şəxs cəmiyyətdəki qüvvələrin heç birinin təsiri altında olmamalı, heç kimdən qorxmamalı, eyni zamanda bütün insanlara qarşı mehriban və ürəyiyanan olmalıdır.

Səhifələr: 1 2 3 4 5 6

Müzakirələr

“Nübüvvət” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər