Kim bu xüsusiyyətlərə malikdir?
İnsan qanun təyin edənlərin ən yaxşısı ola bilərmi? İndiyədək bir nəfər belə olsun, insanı yaxşı tanıyıbmı? Əsrimizin böyük alimlərindən biri insan barədə geniş bir kitab yazaraq həmin kitabı «İnsan- tanınmamış varlıq» adlandırmışdır.
İndiyədək insanın bütün meyl və istəkləri kəşf olunubmu?
Adi insanlar arasında cəmiyyətdən şəxsi mənfəət güdməyən bir şəxs tapa bilərsinizmi?
Allahdan başqa insanın cismani və ruhani ehtiyaclarını bilən varmı?
İnsanlar arasında səhv və nöqsanı olmayan, bəşərə lazımlı bir şəxs tanyırsınızmı?
Deməli, Allah və onun vəhyini qəbul edən şəxsdən (peyğəmbərdən) başqa, heç kim qanunverici ola bilməz.
Bununla da belə nəticəyə gəlirik ki, insanları təkamül və səadətə qovuşmaq üçün xəlq etmiş Allah onların hidayəti üçün bir sıra qanunlar və rəhbərlər təyin edərək insanlara çatdırmalıdır.
Əgər camaat qanunun Allah tərəfindən olduğunu bilsə, şübhəsiz ki, xatircəmlik və arxayınlıqla ona əməl edəcəkdir. Başqa sözlə desək, bu arxayınçılıq qanunun icra olunacağını tam şəkildə təmin edir.
Tövhidlə nübüvvətin əlaqəsi
Xatırlatmaq lazımdır ki, yaranışda olan nizam-intizamın özü də peyğəmbərlərin olması və onların vəzifəsinə açıq-aşkar bir sübutdur.
İzah: Maraqlı və heyrətli yaranışın quruluşunda azacıq araşdırma apardıqda məlum olur ki, Allah məxluqatın ona olan ehtiyaclarının heç birini əsirgəməmişdir. Məsələn, əgər o, bizə görmək üçün göz veribsə, onu qorumaq üçün qaş və kiprik də vermişdir. Gözü həmişə rütubətli saxlamaq üçün onda göz yaşı xəlq etmişdir. Əgər göz qurusa, bu gözün işdən düşməsi ilə nəticələnər. Bundan əlavə, gözün içində olan kiçik bir dəliyin vasitəsi ilə gözün artıq yaşları burna tökülür. Əgər bu dəlik olmasaydı, artıq və əlavə göz yaşlarının hamısı insanın sifətinə tökülərdi. Göz qapaqlarını elə həssas və dəqiq yaratmışdır ki, onlar güclü və zəif işığa qarşı öz-özünə kiçilib, böyüyürlər. Bunun vasitəsi ilə işıq axını tənzimlənir və gözə heç bir zərər dəymir. Gözün ətrafında olan kiçik əzələlər başı tərpətmədən gözü o tərəf- bu tərəfə fırlatmağa qadirdirlər. Bununla da, göz ətrafında olan şeyləri asanlıqla görə bilir.
İnsanın bu ehtiyaclarını təmin edən Allah onu rəhbərlərdən və vəhylə rabitəsi olan məsum peyğəmbərdən məhrum edərmi?
Tanınmış filosof Əbu Əli ibn Sina «Şəfa» kitabında yazır: «İnsanın peyğəmbərlərə olan ehtiyacı qaş və kipriklərin tüklərinin bitməsindən, ayağın altındakı çökəkliyin içəri batmasından daha zəruri və mühüm bir şeydir. Buna görə də ola bilməz ki, Allah o ehtiyacları ödəsin (məsələn, qaşın tükünü bitirsin), lakin insanın peyğəmbərə olan ehtiyacını ödəməsin.»
Nə üçün peyğəmbərlər məsumdurlar (günahsızdırlar)?
Günah və səhvdən uzaq olma
Məlumdur ki, bütün peyğəmbərlər hər şeydən qabaq özünü camaatın gözündə doğrultmalı, camaatın rəğbətini qazanmalı və camaatın ona etimadı olmalıdır. Belə ki, heç kim onun sözlərində yalan, səhv, xilafkarlıq olduğunu ehtimal belə etməməlidir. Əgər belə olmasa, onun rəhbərlik məqamı aradan çıxacaq.
Əgər peyğəmbərlər məsum olmasalar, bəhanə axtaranlar onların səhvlərinə görəcək, həqiqət axtaranlar isə onların dəvətlərinin məğzi aradan qalxdığına görə, onlara tabe olmayacaqlar. Tabe olsalar da, sidqi-ürəklə tabe olmayacaqlar. «Etimad dəlili» adlandırılan bu dəlil peyğəmbərlərin nə üçün məsum olduqları sualına bir cavab, şahid və sübutdur.
Başqa sözlə, necə ola bilər, Allah sərgərdan və laqeyd bir insana itaət etməyi əmr etsin, həmin insan isə səhv, yaxud günah işlətsin? Belə bir vəziyyətdə insanlar onun ardınca gedib itaət etməlidirlərmi? Əgər itaət etsələr, günah və səhvə itaət etmiş olarlar, yox, əgər itaət etməsələr, onda peyğəmbərin rəhbərlik məqamı aradan qalxar. Özü də, peyğəmbərlərin rəhbərlik məqamı başqalarının rəhbərlik məqamından fərqlənir. Çünki bütün insanlar əqidə və məsləklərini onun dediyi sözlərə əsasən tənzimləyir. Məhz buna görə, müfəssirlər (təfsirçilər) «Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin» ayəsinə yetişdikdə deyirlər ki, qeyd-şərtsiz itaət əmri həm peyğəmbərlər, həm də ixtiyar sahiblərinin məsum olduqlarına sübutdur. (İxtiyar sahibləri dedikdə isə imamlar başa düşülür). Əgər onlar (peyğəmbərlər və ixtiyar sahibləri) məsum olmasaydılar, Allah açıq şəkildə onların ardınca getməyi və itaət etməyi əmr etməzdi.
Peyğəmbərlərin məsum olduqlarını sübut edən başqa bir yol peyğəmbərlərdə günahın səbəbinin olmamasıdır. (yəni, elə bir səbəb yoxdur ki, onlar bu səbəbdən günaha əl atsınlar.)
Müzakirələr
“Nübüvvət” yazısı üçün şərh yaz
Şərh yazın