Nübüvvət

Nübüvvət

İzah: Biz özümüzə nəzər saldıqda görürük ki, bəzi günah və ya pis işlərə münasibətdə demək olar ki, məsumuq.

Aşağıdakı nümunələrə diqqət edin

Ağıllı bir şəxsin od, kül və çirkin şeyləri yemək fikrinə düşdüyünü görmüsünüzmü? Əlbəttə ki, xeyr. Əgər görsək, bir nəfər bu cür hərəkətlər edir, dərhal onun dəli olduğunu zənn edəcəyik. Çünki ağıllı şəxsin bu hərəkətləri etməsi mümkün deyil və bunu heç cür ağlımıza sığışdıra bilmərik. Bu kimi işlərin pis və bəyənilməz olduğunu təhlil etdikdə görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca deyə bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız və təqsirsizdir).

Bəhsimizin dairəsini bir az da genişləndirib deyirik ki, insanların bir qismi bəzi günahlar və pis işlərə nisbətən məsumdur, lakin başqa bir hissə həmin günahlara düçar olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir.

Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər çox olsa, bir o qədər pis işlərdən çəkinər və günahlardan uzaq olar. Bu hesabla, əgər bir nəfərin imanı, biliyi həddən artıq yuxarı səviyyədə olsa və Allaha, onun ədalət məhkəməsinə sanki bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq olar. Onun pis əməllərə, günahlara olan münasibəti, bizim küçədə anadangəlmə çılpaq hərəkət etməyə olan nisbətimiz kimidir. Haram malı yemək onun nəzərində ağıza od aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz.

Deyilənlərdən belə nəticəyə gəlirik ki, peyğəmbərlərin yüksək dərəcədə olan elmi, imanı onları günah etməkdən çəkindirir. Günah onların hətta fikrlərinə belə gəlmir. Buna görə deyirik ki, peyğəmbərlər məsumdurlar.

İsmət (günahsızlıq) məqamı necə iftixar ola bilər?

İsmətin və məsum olmanın mənasını yaxşı anlamayan bəzi şəxslər deyirlər ki, əgər Allah bir nəfəri məsum edibsə və günahı onun hətta fikrinə belə gətirmirsə, bunun harası fəxrdir? Bu məcburi məsumluqdur. Məcburi məsumluğun da heç bir şərafət və dəyəri yoxdur. Yuxarıda verilmiş izahatda bu məsələnin cavabı tamamilə aydındır. Peyğəmbərlərin günahlardan məsum olmaları heç də məcburi deyildir. Əksinə, onlar bu rütbəyə, bu dərəcəyə öz güclü iman, elm, yəqinlikləri sayəsində nail olmuşlar. Bu da onlar üçün ən böyük şərəfdir. Əgər təcrübəli bir həkim özünü xəstəliklərdən qoruyursa, bu onun məcbur olduğunumu göstərir? Bu cür bir həkim bütün təmizliklərə riayət edirsə, bu onun üçün şərəf hesab olunmurmu? Hüquqşünas təhlükəli bir cinayətin hansı pis nəticələr verəcəyini bilir və həmin cinayətdən özünü gözləyirsə, bu onun üçün şərəf deyilmi?

Deməli, peyğəmbərlərin nail olduğu məsumluq rütbəsini onlar öz ixtiyarları ilə qazanmışlar və bu onlar üçün böyük bir iftixardır.

Peyğəmbərləri tanımağın ən gözəl yolu

Hər peyğəmbərlik iddiası edən şəxsin iddiasını qəbul etmək, yəqin ki, məntiqsiz və ağıldan kənar bir işdir. Allah tərəfindən peyğəmbərlik iddiası edən ola bilər, düz desin, ehtimal da var ki, yalan desin, özünə məqam əldə etmək üçün belə iddiyaya əl ataraq özünü peyğəmbər adlandırsın. Buna görə də peyğəmbərlərin iddiasının doğru olub-olmadığını bilmək üçün bir sıra yol və qaydalar olmalıdır. Bu qaydalar vasitəsilə biz iddianın doğru olub- olmadığını anlaya bilərik. Buna nail olmaq üçün bir neçə yol var. Bu yollardan ikisi daha çox əhəmiyyət daşıyır.

1. Peyğəmbərlik iddiası edən şəxsin iddiasını lazımi surətdə araşdırmalı, əsər və nişanələrini aydınlaşdırmalıyıq.

2. Möcüzə və bəşər qüdrətindən xaric olan işlər.

İstərdik, əvvəl möcüzə haqqında bir az söhbət edək.

Bəzi insanlar, möcüzə sözünə təəccüblənir, onu əfsanə və ilə eyni səviyyədə tuturlar. Ancaq möcüzə sözünün mənasına elmi nöqteyi-nəzərdən diqqət etdikdə bu təsəvvürlərin yanlış olduğu açıq-aşkar görünür. Möcüzə qeyri â��mümkün və heç bir səbəbi olmayan iş deyil. Möcüzə elə bir işdir ki, onun həyata keçməsi adi insanların qüdrətindən kənardır və onu ancaq təbiətdən üstün olan bir qüvvəyə arxalanaraq həyata keçirmək olar.

Beləliklə, möcüzə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A) Möcüzə mümkün və məqbul bir iş olmalıdır.

B) Adi insanlar, hətta qeyri-adi istedada malik olanlar belə onu həyata keçirməkdən aciz olmalıdırlar.

V) Möcüzə göstərən şəxs başqalarını mübarizəyə dəvət etməlidir. Buna görə də, özünə son dərəcə arxayın olmalıdır.

Q) Heç kim onun kimi bir iş həyata keçirə bilməməlidir. Möcüzənin adından məlum olduğu kimi, bütün insanlar onu həyata keçirməkdən aciz olmalıdırlar.

D) Möcüzə həmişə nübüvvət, yaxud imamət iddiası ilə yanaşı olmalıdır. (Deməli, bəzi qeyri-peyğəmbər və imamların etdiyi və bəşər qüdrətindən xaric olan işlər möcüzə deyil. Bu cür işlər «kəramət» adlanır. Öldükdən sonra bir daha həyata qayıtmağın mümkün olmadığı barədə insan övladı indiyədək elmi və əqli bir sübutu əldə edibmi? Yaxud həkimlərin indiyədək əlac tapa bilmədikləri xərçəng xəstəliyinin əlacsız olmasına dair elmi və əqli bir nəzəriyyə irəli sürülübmü?

Şübhəsiz ki, insan hazırda əlində olduğu qüvvə ilə ölünü diritməyə və ya xərçəng kimi bəzi xəstəlikləri sağaltmağa qadir deyil. Dünyanın bütün həkimləri yığılıb gəlsə də, yenə bunlara əlac tapa bilməz. Ancaq kimsə ilahi qüvvə ilə və Allahın sonsuz elmindən bəhrələnərək ölmüş bir şəxsin ruhunu bədəninə qaytarırsa və çarəsiz xəstələrə şəfa edirsə, bunda nə eyib var?

Elm deyir: Mən bilmirəm, bacarmıram. Elm demir ki, hər hansı bir iş heç vaxt bu iş mümkün deyil, baş tutmaz, ola bilməz.

Başqa bir misal:

Kosmik gəmidən istifadə etmədən ay səthinə enmək mümkün deyil. Ancaq bizim qüdrətimizdən qat-qat üstün olan bir qüdrətin köməyi ilə, heç bir fəza gəmisindən istifadə etmədən bir nəfər ay səthinə enirsə, yaxud başqa planetlərə səfər edirsə, burada nə eyib var?

Əgər bir şəxs həqiqətən bu cür işlər görürsə, eyni zamanda peyğəmbərlik iddiası edərək başqalarını möcüzələri qarşısında mübarizəyə dəvət edirsə, insanlar da onun bu işləri qarşısında aciz qalırsa, onda bilirik ki, doğrudan da, o, Allah tərəfindən göndərilmiş bir peyğəmbərdir. Ola bilməz ki, Allah bu cür işləri yalançı bir şəxsin ixtiyarın verərək camaatı yoldan azdırsın. (Diqqət edin).

Səhifələr: 1 2 3 4 5 6

Müzakirələr

“Nübüvvət” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər