Nübüvvət

Nübüvvət

Möcüzələri mövhumat və xurafatla qarışdırmaq olmaz.

İfrat və təfritlər həmişə həqiqətlərin üzə çıxmasına mane olmuşlar. Möcüzə barədə də bu sözü demək olar. Özlərini ziyalı adlandıran bəzi şəxslər ümumiyyətlə möcüzəni inkar edir, bəziləri isə hər kiçik işi möcüzə adlandırırlar. Peyğəmbərlərin göstərdikləri elmi və həqiqi möcüzələri ağlasığmaz əfsanələrlə qarışdırırlar. Möcüzələr bu cür mövhumatlardan fərqlənməyincə onların əsl siması aşkar olmayacaq. Məhz buna görə də islamın böyük alimləri möcüzə barədə söylənilmiş hədisləri bu cür mövhumatlardan, saxtakarlıqlardan qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşlar. Bu səbəbdən də «Rical» elmi ortaya çıxmışdır. Beləliklə, səhih və düzgün hədislərlə yalan və zəif hədislər, həqiqətlə mövhumatlar bir-birindən fərqlənmişdir.

Hal-hazırda zalım və istismarçı siyasi qüvvələr əsassız və dindən kənar olan etiqadları dini və həqiqi əqidələrlə qarışdırmaq üçün əllərindən gələni edirlər. Biz isə düşmən vəsvəsələrinə aldanmamalı , öz pak, müqəddəs dinimizi qoruyub saxlamalıyıq.

Möcüzə ilə qüdrətdən kənar və qeyri-adi başqa işlərin fərqi

Bir çoxları deyirlər ki, mürtazlardan (yoqalardan) bir qismi qüdrət və adətdən kənar olan işləri həyata keçirirlər. Bu cür işləri öz gözləri ilə müşahidə etmiş insanlar da çoxdur. Bunlar heç də əfsanə deyildir, açıq-aşkar həqiqətdir. Burada belə bir sualla üzləşirik: bu cür işlərlə peyğəmbərlərin göstərdiyi möcüzələrin nə fərqi var? Biz onları bir-birindən necə ayırd edə bilərik?

Bu sualın müxtəlif cavabları var. Ən başlıcası isə aşağıdakı iki cavabdır:

1. Yoqaların gördüyü işlər məhduddur. Başqa sözlə desək, onlar heç vaxt camaatın onlardan istədiyi işləri görmürlər. Bu, onun məşq və səyi nəticəsində həyata keçirdiyi işdir. Onların bu cür işlərinin məhdud olmasının səbəbi də aydındır. Çünki bütün insanların qüdrəti məhduddur və onlar yalnız bir neçə işdə məharət göstərə bilərlər. Lakin peyğəmbərlərin möcüzələri məhdud deyildir. Onlar lazım olduğu yerdə camaat tərəfindən tələb olunan hər bir möcüzəni göstərə bilirdilər. Səbəbi də budur ki, onlar Allahın sonsuz qüdrətindən bəhrələnirlər, Allah qüdrətinin isə heç bir həddi-hüdudu yoxdur. İnsanın öz elmi və qüdrəti həddən artıq məhduddur.

2. Bir yoqanın gördüyü işi başqa bir yoqa da görə bilər. Deməli o iş, bəşər qüdrətindən xaric deyil. Elə buna görə də, bir yoqa hər hansı işi gördükdə heç vaxt başqalarını mübarizəyə dəvət etmir. Bilir ki, onun kimi bu işi bacaranlar çoxdur. Peyğəmbərlər isə tam arxayınçılıqla camaatı mübarizəyə dəvət edərək bu cümləni əllərində şüar tuturlar: «Yer üzündəki bütün insanlar yığışsalar da, bizim gördüyümüz işi görə bilməzlər».

Bu fərq möcüzə ilə sehrə də aiddir. Bəyan etdiyimiz bu iki cavab, bu iki fərq möcüzəni tamamilə sehrdən fərqləndirir.

İslam peyğəmbərinin ən böyük möcüzəsi

Əbədi möcüzə

İslam alimlərinin hamısı Qurani-Məcidin islam peyğəmbəri Həzrət Məhəmməd (s)-in ən böyük möcüzəsi olduğu fikrindədirlər. Quranın ən böyük möcüzə olmasının səbəbi aşağıdakılardır:

1. Quran insanın ruhu və şüuru ilə əlaqəli əqli bir möcüzədir.

2. Quran 14 əsr boyunca aşağıdakı şüarı əlində tutmuş bir möcüzədir: «Əgər bu səmavi kitabın Allah tərəfindən olmadığını zənn edirsinizsə, onda siz də bu cür bir kitab gətirin.»

Quranın camaatı mübarizəyə dəvət etməsi bir neçə surədə bəyan olunmuşdur. İsra surəsinin 88-ci ayəsində deyilir: «(Ey peyğəmbər!) De ki: «Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün biri-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» Başqa bir ayədə mübarizənin şərtini bir az asanlaşdıraraq buyurur: «Yoxsa müşriklər: «Quranı özündən uydurdu.»-deyirlər. Onlara de ki, «Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.» (Hud,13). Dərhal bu ayənin ardınca əlavə edib deyir: «Yox əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allhın elmi ilə nazil olmuşdur» (Hud, 14). Başqa bir ayədə mübarizənin şərtini asanlaşdıraraq buyurur: «Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi) bu işdə köməyə çağırın! (Bəqərə, 23). Sonrakı ayədə peyğəmbərə təsəlli verərək müşriklərin cavabını verib buyurur: «Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) qorxun!» (Bəqərə, 24).

Quranın insanları (müşrikləri) ardıcıl olaraq mübarizəyə dəvət etməsindən məlum olur ki, peyğəmbərin öz möcüzələri arasında ən çox arxalandığı «Quran» möcüzəsi olmuşdur. Ancaq o Həzrətin digər möcüzələri də olmuşdur. Bu möcüzələri tarix kitablarından oxuya bilərsiniz.

Quran əbədi və hal-hazırda hamının gözü qarşısında olan bir möcüzə olduğuna görə biz ən çox bu barədə danışacağıq.

İnsanlar bu mübarizədə necə aciz qaldılar?

Təəcüblü və maraq doğuran odur ki, Quran müxalif qüvvələri mübarizəyə dəvət etmək üçün son dərəcə fəsahət və bəlağətdən istifadə etmiş, xəbərdar edici sözlər işlətmişdir. Beləliklə də, heç kim üçün bəhanə yeri qalmır. «Əgər doğru deyirsinizsə…», «dünyada olanların hamısını köməyə çağırsanız da…», «əgər inanmasanız, yandırıcı od sizin intizarınızdadır» kimi ifadələr bu həqiqəti vurğulayır. Bütün bunlardan başqa, peyğəmbərin müxaliflərlə mübarizəsi də sadə mübarizə deyildi. Çünki İslam onların qəlbən əqidə bağladıqları məzhəbi (bütpərəstliyi) yox etməklə yanaşı, onların iqtisadi, siyasi mənfəətlərinə, hətta vücudlarına belə xətər yetirmişdi. Başqa sözlə desək, islamın nüfuz qazanması onların bütün həyatını alt-üst etmişdi. Buna görə də, çarəsiz qalıb onunla mübarizəyə qoşulmuşdular. Onlar peyğəmbərin qarşısını alıb, təbliğatına mane olmaq üçün nəyin bahasına olursa, olsun, Quran ayələrinə bənzər ayələr gətirmək məcburiyyətində qalmışdılar. Onlar bu cür ayələr gətirməklə qarşılarındakı müsəlmanları aciz buraxmaq və özlərinə haqq qazandırmaq istəyirdilər. Onlar bu işdə ərəblərin ən fəsahətli və bəlağətli şəxslərindən istifadə edirdilər. Lakin hər dəfə Quranla mübarizəyə əl atdıqda məğlubiyyətlə üzləşir, dərhal geri çəkilirdilər. Bu barədə ətraflı məlumatı tarix kitablarından əldə edə bilərsiniz.

Səhifələr: 1 2 3 4 5 6

Müzakirələr

“Nübüvvət” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər