Vəlid ibn Muğəyrənin başına gələnlər
Ərəblərin (müşriklərin) Quranla mübarizəyə dəvət etdikləri şəxslərdən biri də Bəni-Məxzum tayfasından olan Vəlid ibn Muğəyrə olmuşdur. O, öz dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuş və çox tədbirli şəxs olduğu üçün ərəblər arasında şöhrət qazanmışdı. Müşriklər ondan Quran ayələri barədə fikirləşib onun fövqəladə nüfuzlu sözləri haqqında öz fikrini bildirməsini istədilər. Vəlid peyğəmbərin yanına gəlib ondan bir neçə ayə oxumasını istədi. Peyğəmbər də Səcdə surəsinin bir neçə ayəsini onun üçün oxudu. Bu ayələr Vəlidə o qədər təsir etdi ki, qeyri-ixtiyari olaraq Bəni- Məxzum qəbiləsinin təşkil etdiyi məclisə gəlib belə dedi: «And olsun Allaha! Məhəmməddən eşitdiklərim nə bəşər sözüdür, nə də pəri sözü….»
Vəlidin dediyi sözlərin bir hissəsi belə idi: Yəni, «onun (Məhəmmədin) dediklərində xas bir şirinlik, gözəllik vardır. Sözlərinin yuxarısı meyvə ilə dolu olan ağac gövdəsinə bənzəyir. Sözlərinin əvvəli və sonu isə ağac gövdəsi kimi çox qüvvətlidir. Onun dedikləri hər şeyə qələbə çalıb üstün gəlir və heç bir şey onun sözlərinə qalib gələ bilməz.» Bu sözlər Qüreyş arasında «Vəlid Məhəmmədin aşiqi olmuş və ona ürək bağlamışdır» şayiəsinin yayılmasına səbəb oldu. Əbu Cəhl (o da Qüreyş tayfasından idi) tələsik Vəlidin evinə gələrək hadisəni (Qüreyş arasında yayılmış şayiəni) ona olduğu kimi danışıb Vəlidi Qüreyşin məclisinə dəvət etdi.
Vəlid məclisə gəlib dedi:
-Məhəmmədin divanə olduğunumu zənn edirsiniz? İndiyədək onda dəlilik əlaməti görmüsünüzmü?
Məclisdə oturanlar cavab verdilər ki, xeyr. Vəlid sözünə davam edib dedi:
-Belə güman edirsiniz ki, o yalançıdır. Məgər o, indiyədək sizlərin aranızda düz danışan və etibarlı adam kimi tanımayıb? Ona Məhəmmədi- Əmin (düz danışan və etibarlı Məhəmməd) ləqəbini siz verməmisinizmi?
Qüreyşin başçılarından bir neçəsi dedi:
-Bəs biz ona nə ad qoyaq?
Vəlid bir az fikirləşərək «deyin, o sehrbazdır»-deyə cavab verdi. Onlar bu yolla Qurana aşiq olmuş insanların qarşısını almaq istəyirdilər. Lakin Quran ayələrini sehr adlandırmağın özü onun ayələrinin fövqəladə cazibəli olduğundan xəbər verir. Onlar bu cazibəni sehr adlandırırdılar, həqiqətdə isə bunun sehrlə heç bir əlaqəsi yox idi. Belə bir vəziyyətdə Qüreyş «Məhəmməd məşhur sehrbaz olmuşdur, bu sözlər də (ayələr də) onun sehridir. Ondan uzaq gəzin, çalışın, sözlərini eşitməyin» şüarlarını hər tərəfə yayırdı.
Onlar nə qədər çalışsalar da, yenə bu işin qarşısını ala bilmədilər. Haq tələb edən, həqiqət axtaran və ürəkləri təmiz olan insanlar dəstə-dəstə hər yandan Qurana pənah gətirir, ona bel bağlayırdılar. Onlar bu səmavi mənbədən lazımınca bəhrələnir, mənəvi qida alırdılar. Düşmənlər isə əlacsız qalıb geri çəkilməyə məcbur olurdular.
Hal-hazırda yenə Quran bütün müxalifləri mübarizə meydanına dəvət edir. Ey alimlər, ey filosoflar, ey şair və yazıçılar! Əgər bu ayələrin Allah tərəfindən olmasına şəkk edib, onun bəşər kəlamı olduğunu zənn edirsinizsə, siz də onun kimi bir surə gətirin.
Bilirik ki, İslam düşmənləri, xüsusilə, İslamı hər şeyi əhatə edən və özlərinin ən başlıca rəqibi hesab edən məsihi (xristian) keşişləri hər il müqəddəs və əziz İslam dininin ziddinə təbliğat aparmaq üçün külli miqdarda pul sərf edirlər. Onlar humanitar yardım bəhanəsi ilə müsəlman ölkələrinə gəlib İslamın ziddinə təbliğat aparır, fəaliyyət göstərirlər. Nə üçün onlar (ərəbdilli xristian alimlər) Quran ayələri kimi ayələr, surələr yazıb özlərinə üstünlük qazandırmırlar? Əgər bu iş baş tutası olsaydı, nəyin bahasına olursa olsun, yəqin ki, ona da əl atardılar.
Onların bu acizliyinin özü Quranın möcüzə olduğuna və Allah tərəfindən nazil olunduğuna açıq-aşkar və qaneedici bir sübutdur.
Müzakirələr
“Nübüvvət” yazısı üçün şərh yaz
Şərh yazın