
Dinin günəşi dünyada imanım Əfəndi,
Alimlər ümidi, məhi-tabanım Əfəndi.
Könlüm, gözümün nuri vücudimdə həyatım.
Hər dəm damarımda yeriyən qanım Əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi xuramanım Əfəndi.
Gülnarimü narim, çiçəyim, meyvəli bağım,
Laləm, səmənim, sünbülü reyhanım Əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım Əfəndi.
Kanım, gühərim, mədəni yaquti-rəvanim,
Qiymətli olan ləli-bədəxşanım Əfəndi.
Eşqində Nəsimi çün qılır canını qurban.
Qurbanına qurban olayım, canım Əfəndi.
Müzakirələr
“Əfəndi” yazısı üçün şərh yaz
Şərh yazın