Məqalələr

Həzrət Peyğəmbərin (s) mübarək risaləti

poster-3003071.jpgDünya risalət dövründə

Biz, böyük İslam Peyğəmbəri, yaranmışların əşrəfi – Həzrət Muhəmmədin (s) mübarək mövludu günlərini yaşayırıq. Məkanından, millətindən, irqindən, savadından asılı olmayaraq, Rəsulullahın (s) mübarək mövludu bütün müsəlmanlar üçün ən böyük bayramdır.
Lakin, bəşəriyyət tərəfindən yaşanan dərin vücudi böhran, insanların robotlaşması prosesi, yaranan vücudi problemlərdən düzgün çıxış yolları tapa bilməməsi bu əziz bayramdan tam bəhrələnməyə imkan vermir. Əfsuslar olsun ki, bizim kiçicik planetimiz dözümsüzlüklə, özgə mədəniyyətinə hörmətin azlığı ilə, mehribanlıq və səmimilik atmosferində yaşamaq istəyinin olmaması halları ilə doludur.
Bəs bu ağır durumdan necə çıxış yolu tapmaq olar, məhvolmanın qarşısını nə ilə almaq olar?

Bəlkə elə Həzrət Rəsulullahın (s) əziz mövludu günləri ilə əlaqədar əlverişli bir məqam yaranıb ki, nəzər salaq, görək onun mübarək gəlişi ilə dünyada nələr dəyişmişdir? Bir təhlil edək, anlamağa çalışaq ki, onun GƏLİŞİNİN ümumbəşəri, taleyüklü əhəmiyyəti nədən ibarətdir? Uca Allahın Qur’ani-Kərimdə «peyğəmbərlərin möhürü» adlandırdığı bu misilsiz şəxsiyyətin gəlişi nəticəsində nələr baş vermişdir? Daha fazla…
Bu İlahi elçilərdən sonuncusunun gəlişi ilə yeni eranın – Qiyamət Günündən qabaq axırıncı eranın başlanğıcı qoyulmuşdur. Bu eranın başlanğıcı ilə də kamil insan yetişdirmək risaləti aşkar edilmişdir. Kamilliyin cəhaləti bilmərrə üstələməsi düzümü erası başlanmışdır. Bu bir eradır ki, burada «Lə İləhə İlləllah» fəlsəfəsi – bütlərə, ədalətsizliyə, ətalətə, vicdansızlığa, xurafata, qaragüruhçuluğa, cəhalətə qətiyyətli «yox!» deyən bir fəlsəfə bəşəriyyətə çatdırılır. Bu bir eradır ki, burada «Muhəmmədun Rəsulullah» hikməti – Həzrət Muhəmmədin (s) Allah Elçisi, nəbilərin sonuncusu, peyğəmbərlərin möhürü olması, bəşəriyyətin vicdanı, iman gətirənlərin örnəyi və ilk növbədə Əbdullah fenomeni – Allahın həqiqi bəndəsi olması hikməti insanlara aşkar edilir.
Həzrət Muhəmmədin (s) mübarək varlığı, yalnız və yalnız gözəlliklər əxz etmək istəyən insan üçün həqiqi bir xəzinədir. Əziz Rəsulullahın (s) kəlamlarında bütün vücudi suallarımıza cavab tapa bilirik. Burada insanlara məhəbbət də var: «İmandan sonra ən yaxşı əməl insanlara qarşı sevgidir». Burada İlahi müdriklik də var: «Müdriklik ona bənzəyir ki, mö’min sanki itirdiyi bir şeyini tapır – belə ki, kimdən eşitdiyinə və haradan gəldiyinə əhəmiyyət verməyərək, götürər». Burada cəhalətin qınanması da var: «Ya alim ol, ya tələbə, ya dinləyən ol, ya elmi sevən – amma bu sırada beşinci (yə’ni, cahil) olma – bu uçuruma aparan (bir yoldur)». Burada valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı da var: «Sizin evlərdən ən yaxşısı odur ki, orada yetimin hüququ qorunur». Burada qadına xüsusi münasibət tələbi də var: «Sizləri məxsusən iki kateqoriyaya aid müdafiəsiz insanların: yetimlərin və qadınların hüququnu qorumaq barədə xəbərdar edirəm». Burada ailəyə xüsusi diqqət də var: «O vaxt ki, ər xanımına, xanımı da ərinə (nəvaziş ilə) baxar, uca Allah da onlara xüsusi rəhmətlə nəzər salar». Burada uşaq tərbiyəsinə xüsusi diqqət də var: «Allah Təala sevir ki, siz uşaqlarınız arasında ədalətin gözlənilməsinə xüsusi diqqət yetirəsiniz – hətta onları öpdükdə belə ədalətə riayət edin». Burada elmə və biliyə xüsusi münasibət də var: «Beşikdən qəbrədək elm öyrənin». Burada həqiqi vətənpərvərlik də var: «Vətənə sevgi – imandandır». Burada alimlərin böyük məs’uliyyəti barədə xəbərdarlıq da var: «İnsanlardan ən pisi – pis alimlərdir», «Qiyamət günü elmini tətbiq etməyən alimi insanlar arasında ən ağır cəza gözləyir». Burada insan haqlarına hörmət tələbi və vətəndaş mövqeyinə də’vət də var: «Zəiflərin hüququnu qorumayan milləti Allah Təala təqdir etməz». İbrət götürmək istəyən insan üçün burada hər bir sualın cavabı var.
Düşünürük ki, Əziz Rəsulullahın (s) İlahi missiyasının intəhasızlığının əlavə vurğulanmağa ehtiyacı yoxdur. Burada onun müdriklik okeanından yalnız bir damcını misal gətirdiyimizə baxmayaraq, əmin oluruq ki, Peyğəmbərin (s) mübarək kəlamları onun həyatverici missiyasını – kamil insan yetişdirmək vəzifəsini çox gözəl surətdə şərh edir. Elə bir kamil insanı yetişdirmək ki, o, digərlərinə məhəbbəti izhar etsin. Elə bir kamil insanı ki, qurucu olsun, zülmün və dağıdıcılığın əleyhdarı olsun. Elə bir insanı ki, onda bütün müsbət xüsusiyyətlər təmsil edilsin, bir insanı ki, bütün mənfiliklər ona yad olsun. Elə bir insanı ki, ləyaqət və özünəhörmət hissi ona xas olsun, digər insanların haqlarına hörmət edən olsun. Elə bir insanı ki, özü ilə, toplumla, Rəbbi ilə vücudi harmoniya durumunda olsun.
Belə isə, gəlin tənəzzülə və vücudi deqradasiyaya qətiyyətli «yox!» deyək! Bir gəlin anlamağa çalışaq ki, biz kimik, haradan gəlmişik, haraya gedirik və nə etməliyik…
Gəlin Həzrət Peyğəmbərin (s) mübarək mövluduna bir hədiyyə edək – bir-birini mə’nasız surətdə əvəzləyən günlərin növbələşməsini dayandıraq və düşünək… Öz yüksək missiyamız, vəzifəmiz barədə düşünək. Özümüz, öz vicdanımız, övladlarımız, gələcək nəsillər qarşısında borcumuz barədə düşünək. Biz onlara nəyi qoyub gedirik? Qarşılıqlı nifrət və özü kimisini məhv etmək istəyi ilə dolu olan bir dünyanı, yaxud tərəqqiyə, harmoniyaya can atan bir dünyanı?
Gəlin tənəzzülə və məhvə doğru yuvarlanmanı dayandıraq! Gəlin, Həzrət Peyğəmbərin (s) mübarək tə’limində vücudi bir xilas tapaq!
Ey, Rəhim və Rəhman Allah! İnsanlara tövhidin, Qur’anın İlahi məntiqinin anlanması səadətini, Peyğəmbər (s) və mübarək Əhli-Beyti (ə) tərəfindən çatdırılmış Sənin mübarək tə’liminin qəbul edilməsi xoşbəxtliyini nəsib et!
Allahım! Həzrət Peyğəmbərin (s) canişini – İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdir! Onun zühuru ilə insanlar qarşısında kamillik və harmoniyanın qapılarını taybatay aç! Bizləri o Həzrətin zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!

Hacı İlqar İbrahimoğlu

www.deyerler.org

Müzakirələr

“Həzrət Peyğəmbərin (s) mübarək risaləti” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər