Ədəbiyyat

Həzrət Muhəmmədin (s) mübarək mövludu

Dünyaların yaranma amili, İlahi rəhmətin ən parlaq təzahürü, Xatəmül-ənbiyya Həzrət Muhəmmədin (s) mübarək mövlud gününü bütün dünya müsəlmanları böyük təmtəraqla qeyd etdilər. Ümmətin böyük müşkül və nigaranlıqlar, çeşidli problemlər məngənəsində sıxılmasına, Qarabağ, Fələstin yarasını yaşamasına baxmayaraq, əziz Rəsuli-Əkrəmin (s) dünyaya gəlişi günü, dünyanın bir milyarddan artıq müsəlmanı üçün həqiqi sevincin və riqqətin səbəbi olmuşdur.

Əhli-beyt (ə) sevərlər məkanı olan doğma Vətənimizdə də bü böyük bayram özünəməxsus nəcibliklə qeyd edildi. Yurdumuzun ən müxtəlif guşələrində – Gəncəbasardan, Naxçıvandan, qaçqın şəhərciklərindən, Şəki-Şirvandan, Lənkəran-Astaradan, Mil-Muğandan və Qubadan tutmuş, Bakı və Abşerona, Nardaran, Maştağa, Zabrat, Biləcəriyədək əziz Vətənimizin hər bir yerində mömin və möminələr əziz Rəsulullahın (s) mövlud gününün təm-təraqla keçirilməsi üçün əllərindən gələni əsirgəmədilər.

Bu sırada özünəməxsus təbərrük yeri, «Zaman» teatrının quruluşunda «Məbəs» tamaşasının premyerası olmuşdur. Aprelin 2-də baş tutan premyera, tamaşaçıların elə anşlaqı ilə qarşılaşmışdır ki, yaradıcı heyət aprelin 9-da tamaşanı ikinci dəfə təqdim etmək «məcburiyyətində» qalmışdır (yeri gəlmişkən, teatr kollektivi ilə «Dəyərlər»in müsahibəsini növbəti saylarımızda izləyin).
İçərişəhər «Cümə» məscidinin dini icması da bu böyük bayramın qeyd edilməsi üçün öz kiçik töhfəsini verməyə çalışdı. İcmanın minə yaxın üzvünün qatıldığı bayram şənliyi «Park İnn» otelinin böyük zalında keçirildi. Bayram ab-havası, rəngarəng bəzəklər, şarlar, lentlərlə zinətləndirilmiş konfrans zalı, əsl bayram məkanına çevrilmişdir.
İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun bayram təbrikində, bu gözəl tarixin mahiyyəti toplaşanların diqqətinə çatdırıldı. Natiq, dünyalara rəhmət olaraq göndərilmiş Elçinin (s) həqiqi missiyasının, Allaha bəndəçiliyin fəlsəfəsini bəşəriyyətə çatdırmaq olduğunu qeyd etmiş, İslam dininin gəlişi ilə dəyərlərdə, şüurlarda baş verən dərin inqilaba diqqət çəkmişdir.
Eyni zamanda, ötən ilin «Həzrət Peyğəmbər (s) ili» olaraq keçirilməsi xatırlanmış, bununla əlaqədar həyata keçirilən işlərə toxunulmuşdur. «Həzrət Peyğəmbər (s) ili»nin yekunlarına görə, Azərbaycanda İslam incəsənətinin inkişafına verdiyi töhfəyə, milli-mənəvi dəyərlərin təbliğində önəmli roluna görə «Zaman» teatrı İçərişəhər «Cümə» məscidi dini icmasının Fəxri fərmanı ilə təltif edilmişdir.


Mükafatı qəbul edən «Zaman» teatrının bədii rəhbəri Hacı Nizami Mirsalayev, öz çıxışında gələcək yaradıcı planlar barədə danışmış, Peyğəmbər (s) və Əhli-beytinə (ə) kiçicik xidmət etmək fürsətinin əta olunmasına görə sonsuz iftixar duyudqlarını məclis iştirakçılarına bildirmişdir. Hacı Nizami toplaşanları əmin etmişdir ki, bundan sonra da yaradıcı kollektiv bütün səyini həqiqi dəyərlərin təbliğinə yönəldəcəkdir.
Gecədə göstərilən «Peyğəmbər» filmindən parçalarda, «Zaman» teatrının son repertuarından olan istedadlı müəllif Hacı Namiq Qurbanovun «Məbəs» tamaşasından səhnələrdə, dinimizin gözəllikləri açıqlanmış, Rəsulullah (s) risalətinin qadının həyatında törətdiyi taleyüklü rol vurğulanmışdır.
Tədbirdə iştirak edən «Əhli-beyt (ə) aşiqləri» dini yaradıcılıq qrupu, ilahi və surudların gözəl ifası ilə bayram şənliyində toplaşanların zövqünü oxşamışdır. Məşhədi Fərhad Qurbanovun bədii rəhbərliyi ilə tərtib edilən bayram repertuarında, Hacı Səttar, Məşhədi İlkin, Məşhədi Rövşən, Məşhədi Elnur Məşhədi Nuranın ifasında xeyli sayda gözəl və yeni ilahilər səslənmişdir. Bayram gecəsinin aprarıcısı Məşhədi Təbiətin Peyğəmbər (s) mövluduna həsr etdiyi şer və mədhlər, mömin və möminələri mütəəssir etmişdir.




ƏLİƏSĞƏR, RUQƏYYƏ

Müzakirələr

“Həzrət Muhəmmədin (s) mübarək mövludu” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər