Nardaranlı dindarlar onun, Samir Sədaqətoğlunun və vəkil İsaxan Aşurovun ünvanına ağır təhqirlər söyləyib. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun və yazıçı-publisist Rafiq Tağının işi üzrə məhkəmə davam etdirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə verib.
S.Sədaqətoğlu bildirib ki, o, “Avropa və biz” yazısının məzmunundan xəbərsiz olub, ümumiyyətlə, qəzet dərc edilən gün Bakıda olmayıb. O, müsəlman olduğunu və dindar ailədə böyüdüyünü deyib: “Qurana and içirəm ki, bu yazıdakı fikirlərdən xəbərim yoxdur. Amma baş redaktor kimi məsuliyyət daşıyıram. Məni ittiham edənlərə bildirirəm ki, İslamda tövbə qapısı var və Allah hər birimizi bağışlayandır”. S.Sədaqətoğlu hüquqi baxımdan da həbs olunmasını qanunsuz saydığını bildirib. S.Sədaqətoğlunun fikirləri iclasda iştirak edən bir qrup dindar tərəfindən etirazla qarşılanıb. Nardaran qəsəbəsindən olan dindarlar R.Tağını və S.Sədaqətoğlunun ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Vəkil İsaxan Aşurov buna etiraz edərək, hakim Y.Kərimovdan tədbir görülməsini istəyib. Hakim dindarlardan və iclasa qatılan digər şəxslərdən səbir nümayiş etdirməyi xahiş etdikdən sonra iclas zalında sakitlik yaranıb. Sərbəst ifadə verən R.Tağı sonra vəkil və dövlət ittihamçısı Fərhad Rəhimovun suallarını cavablandırıb: “Oktyabrın 30-da saat 22.00 radələrində Samirə zəng etdim və “Avropa və biz” adlı essenin onun qəzetində çap olunmasını istədim. O rayonda olduğundan yazıya baxa bilməyəcəyini dedi, amma yazını nəşr edəcəyini söylədi. Ümumiyyətlə bu yazını “525-ci qəzet”, “Ədalət” və “Addım” qəzetlərinə verməyi düşünürdüm. Yazıda heç kimi təhqir etmək istəməmişəm, bu yazı dini mövhümatın əleyhinə yazılıb. Burada İslamı təhqir etməmişəm”. Sonra iş üzrə şahidlər dindirilib və onların hamısı yazıdan xəbərsiz olduğunu deyib. Vəkil şahidlərin ifadəsinin cinayət materialı üçün yetərli olmadığını, işin bu gün sona çatdırılmasını xahiş edib. Hakim bununla bağlı vəsatəti təmin etməyib. Bundan sonra məhkəmənin növbəti iclası mayın 4-ə təyin edilib. Məhkəmə bitdikdən sonra da dindarlar təqsirləndirilən şəxslərin və onların vəkillərinin ünvanlarına təhqiramiz sözlər deyiblər. Dindarlardan bir neçəsi müttəhimlərin saxlandığı dəmir barmaqlıqlara yaxınlaşmağa cəhd göstərib. Lakin məhkəmə mühafizəçiləri bunun qarşısını alıblar. Nardarandan gələn 30-a yaxın şəxs məhkəmə zalından çıxarılıb.
P.S . Xatırlamaq lazımdır ki, mürtəd Rafiq Tağı məlum məqalədə kəskin şəkildə İslam dnini, Peyğəmbəri təhqiretmişdir.
Müzakirələr
“Mürtəd Rafiq Tağının məhkəməsi” yazısı üçün şərh yaz
Şərh yazın