Azərbaycanda görünməmiş və gözlənilməz bir hadisə baş verib. Artıq bundan sonra məscidlərdən azan səsləri eşidilməyəcək. Öncə bu imansız hadisənin rəsmi təqdimatına nəzər salaq: “Bundan sonra Bakı məscidlərində azanlar canlı səsləndiriləcək”. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakinləri dövlət qurumlarına müraciət edərək, məscidlərdə səsucaldanlarla azan verilməsindən narahat olduqlarını bildiriblər…
A.Ağayev həmçinin əvvəllər Bakıda yalnız “Təzə Pir” və “Əjdərbəy” məscidlərində azan verildiyini, bu gün isə paytaxtın az qala hər məhəlləsində məscidin olduğunu deyib: “Məscidlərdəki səsucaldanlardan şikayət edənlər əsasən uşaqlar, xəstə və yaşlı nəslin nümayəndələridir”.
Mətbuat xidmətinin rəhbəri yaranmış vəziyyətin nəzərə alındığını və bundan sonra ibadət ocaqlarında canlı azan verilməsi barədə qərar qəbul edildiyini söyləyib.
Dəqiqləşdirilməmiş məlumata görə, məscidlərdən azan səsinin kəsilməsi ilə bağlı göstəriş QMİ-yə siyasi hakimiyyətdən gəlib. Artıq bütün rayonların icra sturukturlarına Qafqaz Müsəlmanları İdarəsinin adından verilən bu absurd qərarın icrasına sərt nəzarət etmək tapşırılıb.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə Qafqaz Müsəlmanları İdarəsinin bu qərarını özbaşınalıq adlandırıb və bu özbaşınalığı kəskin surətdə pisləyən bəyanatla çıxış edib: “Azanın səsləndirilməsi, dini etiqad azdlığının ayrılmaz hissəsidir. Azan namaza olan dəvətdir və bu, inanclı insanın dünyagörüşünün tərkib hissəsidir. Bu hüquqlar ölkə konstitusiyasında və beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapıb. QMİ və icra strukturları tərəfindən azanın səsləndirilməsinə qoyulan qadağa, mahiyyət etibarilə insan haqlarının son dərəcədə kobud pozulması deməkdir. Azana məhdudiyyət misli görünməmiş bir absurd və cəfəngiyyatdır”.
İlqar İbrahimoğlu qeyd edib ki, azanın səsləndirilməsi müstəqilliyin bəxş etdiyi real, nadir töhfələrdəndir və ona qoyulan qadağa, ölkəni dinə münasibətdə ateistik-bolşevik girdabına doğru sürükləyir. DEVAMM sədrinə görə, dünyanın heç bir yerində azanın bayıra verilməsinə qadağa qoyulmur: “Müsəlman ölkələri öz yerində, istər Avropada, istərsə də ABŞ-da namaz vaxtı gəldikdə azan verilir və heç kəsin ağlına belə gəlmir ki, bu ümumi qəbul olunmuş praktikaya nə isə başqa cür baxılsın”. Qafqaz Müsəlmanları İdarəsinin bu addımın guya əhaliyə qayğı baxımından atıldığını bildirməsinə gəldikdə, İ.İbrahimoğlu bu iddianı əsassız adlandırıb: “Dünyada, hətta xristian ölkələrində heç kəsin ağlına belə gəlmir ki, İlahi çağırış olan azan kiməsə mane ola bilər. Birdən-birə bizdə kimsə yamanca hamıdan ”qayğıkeş” çıxıb?! Yaxşı olardı ki, bu “qayğı”nı uydurma hədəflərə deyil, real problemlərə doğru yönəldəydilər”.
DEVAMM problemin həllinə yardım etmək çağırışı ilə ölkə ictimaiyyətinə müraciət edib. Müraciətdə dünyagörüşündən asılı olmayaraq, hamı İlahi dəvət olan azanın müdafiəsinə çağırılır: “Ümid etmək istərdik ki, bu, hakimiyyətin məqsədyönlü siyasətinin tərkib hissəsi deyil, hansısa məmurların ”yarınmaq” arzusudur”.
“Bakı-xəbər” qəzetinin dini eksperti Hacı Vaqif də azanın səsgücləndirici ilə verilməsinin qadağan olunmasını mənfi qiymətləndirdi: “Mən inanmıram ki, ilahi avaz olan azan Azərbaycanın əhalisi içərisində hansısa narahatlıq yaratsın”.
Günün sonunda əməkdaşlarımızın apardıqları monitorinq nəticəsində aydın oldu ki, dünən “Təzə Pir” məscidində axşam azanı verilməyib. Yalnız ibadətə gələnlərin və ətrafda yaşayan insanların təkidindən sonra azan səsgücləndiricilər vasitəsilə yayılıb. “Göy Məscid”də və “Şəhidlər” məscidində isə azan yalnız içəriyə verilib.
Qeyd edək ki, dünyanın bütün müsəlman ölkələrində azan səsgücləndiricilər vasitəsi ilə verilir və hələ heç bir ölkədə İlahi çağırışın səsini kəsmək kimsənin ağlına gəlməyib. Yalnız Naxçıvan istisnadır. Vasif Talıbov Muxtar Respublikanın başına gələndən, ilk olaraq azanın səsgücləndiricilər vasitəsi ilə verilməsini qadağan etmişdi.
Ümid edirik ki, bu imansız və utanc gətirən qərar tezliklə dəyişdiriləcək.
Etibar SEYİDAĞA
allah razi olsun ki bu meseleye diqqet cekdiniz/ inanin cox uzgunem/ azanimizi dini suarimizi da elimizden almaq isteyirler/ elinden her seyi alinmis milletimizin elinden bunu da almaya calisirlar/ rabbim qurduqlari bu planlari oz baslarina yixsin/ guya narahat olanlari dusunurler/ milletimizin meneviyyatsizliq bohraninda bogulur/ elmsizlik meneviyyatsizliq cahillik bas alib gedir/ kitab oxuyan elm oyrenn yox deyilecek qedere az/ gencliyimiz inaninki cox pis veziyyetdedir/ buna kim narahat olacaq/ bunlari kim dusunecek/ allah boyukdur/ belkede bu bize ders olar/ muselman kimi yasamaga oyrenerik nehayet/