Şübhəsiz ki, Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir. Quran, onun (s) peyğəmbərliyinə ən aşkar sübutdur. İlahi qanunlardan təşkil olunan bu kitab iyirmi il ərzində, tədricən, Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən hicrətə qədər olan on iki il ərzində nazil olmuş ayələr “Məkki”, hicrətdən o həzrətin vəfatına qədər Mədinədə və ətraf regionlarda nazil olan ayələr isə “Mədəni” ayələr adlanır. Sonradan Peyğəmbərin (s) göstərişi və dəqiq nəzarəti altında Qurani-kərim bugünkü şəkildə tərtib edilmişdir.
İslamın gəlişindən qabaq bütpərəst, müşrik ərəblər quru, susuz səhralarda yaşamış, tənəzzül, savadsızlıq, mədəniyyətsizlik onların fərdi, ictimai həyatlarına hakim kəsilmişdi. Belə ki, onlar qız uşaqlarını diri-diri torpağa basdırır və bunu özləri üşün iftixar hesab edirdilər. Belə bir şəraitdə Allahın izni ilə möhtəşəm şəxsiyyətə malik bir şəxs ayağa qalxıb zülm, ədalətsizlik, mədəniyyətsizliyə qarşı mübarizəyə başladı və heç bir mədəni səviyyəsi olamayan ərəblərə rifah və səadət bəxş etdi. Keçmiş dinlərin ən kamili olan həmişəyaşar İslam dini qiyamət gününə qədər qüvvədən düşməyəcəkdır. Qurani-kərim isə insanların dünya və axirət səadətini təmin etmək üçün nazil edilmişdir.Quranın üslub gözəlliyi
Quran, elmi, maddi və mənəvi məzmunundan əlavə ilahi bir möcüzədir. Allah-taala bu müqəddəs kitabda fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənnində mahir olan Hicaz əhalisini Qurana bənzər bir surə və ya ayə yazmağa dəvət edərək, onları mübarizəyə səsləyirdi. Lakin onlar Quranla qarşılaşa biləcək bir istedada malik deyildilər. Çünki əgər Məkkə müşrikləri (Quranın təklif etdiyi bu mübarizə metoduna) hazır olsaydılar, uzun-uzadı hərbi mübarizə metodundan deyil, sadəcə öz ana dillərində bir “surə” yazmaqla Peyğəmbərə (s) qarşı mübarizəyə qalxardılar. Lakin ərəb ədib və şairləri Quran ayələrini nəzərdən keçirtdikdə onun rəvanlıq, səlistlik və üslub gözəlliyini görmüş, bu ahəngdarlığın insan zəkasının qüdrəti xaricində olduğunu bilmiş və elə bu səbəbdən də Kəbə divarlarına qızıl su ilə və ya Misir parçaları üzərinə yazdıqları (ilin şeri adını almış) nümunəvi şerlərini yığışdırmağa başlamışdılar. Tarixi faktlara görə, dünyanın ən məhşur söz ustaları Quranla bu şəkildə mübarizə aparmağa cəsarət etməmiş və onun ilahi bir möcüzə olduğunu etiraf etmişlər.
Qurani-kərim əbədi, daim işıq saçacaq bir nurdur. O, insanlara “insanlıq”, səadət, azğınlıq bataqlığından çıxış yolunu göstərmişdir. “Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları haqqında müjdə verir!” (İsra, 9).
İslam peyğəmbərinin (s) əbədi möcüzəsi, öz ziyası ilə aləmlərə nur saçan Quran heç zaman təhrif olunmayacaq və ilahi vəhy kimi sabit qalacaqdır: “Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və dəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).Quran təhrif olunmayıb
Müsəlmanlar Qurana xüsusi diqqət yetirirlər. Bu da onların müqəddəs kitablarına olan məhəbbətdən, ona bəslədikləri əqidədən irəli gəlir. İslamın erkən çağlarında (ədəbiyyatda) ən çox dəyər fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənni sayılırdı. Qurani-kərim həm forma, həm də məzmun baxımından ərəblərin cahiliyyət dönəmində söylədikləri şer və xütbələrdən təmamilə fərqlənirdi. Bu kəskin fərqi müşahidə edən müşriklər Qurani sehr adlandırmaqdan başqa bir çarə görmürdülər. Onlar bu yolla insanları Peyğəmbərin (s) ətrafından dağıtmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Quran ayələrinin təsir dairəsi günü-gündən genişlənir, hətta Peyğəmbərə (s) rişxənd edən kafirlər belə gizlində (qaranlıq gecələrdə) onun evinin ətrafına toplaşır və şer sənətinə olan maraqlarını təmin etmək üçün o həzrətin tilavətinə qulaq asırdılar. Quran oxumaq və onu əzbərləmək
Müsəlmanlar qadın-kişi, böyük-uşaq olmalarına baxmayaraq Quran tilavət edir və ayələri əzbərləyərək təskinlik tapırdılar. Bu səbəbdən Quran yalnız bir yığın insanın əlində deyil, bəlkə bütün müsəlmanların yararlana biləcəyi vəziyyətdə idi. Belə ki, onlar həm namazda, həm də elmi əsaslanmalarda Quran ayələrinə tapınır və onu biri-birlərinə tədris edirdilər. Artıq elə bir vəziyyət yaranmışdır ki, bir çox səhabələr ayənin nazil olmasından bir-iki gün sonra onu əzbər bilirdilər. Digər tərəfdən isə İslam peyğəmbərinin (s) səhabə və tərəfdarlarının böyük bir hissəsi Quranı əzbərləməklə məşğul olduqlarından “Qurra” adı ilə məşhurlaşmışdılar. Onların digər bir hissəsi isə başda Əli ibn Əbu Talib (ə) olmaqla “Vəhy katibləri” (vəhyi yazanlar) adı ilə şöhrət qazanmışdılar. Onlar Peyğəmbərin (s) xüsusi diqqət və nəzarəti altında yeni nazil olmuş ayələri yazır və bir daha yazdıqlarını Peyğəmbərə (s) oxuyurdular. Bu yolla həzrət Peyğəmbər (s) nazil olmuş surə və ayənin düzgün yazılmasına əmın olurdu. Şübhəsiz ki, İslam peyğəmbərinin (s) zamanında əksər surələrə ad verilmiş və o həzrət şəxsən özü hər ayənin, surənin yerini təyin etmişdi. Hətta o zaman “uzun”, “qısa” surələr də bəlli olmuş və hər surənin oxumasının fəziləti açıqlanmışdı. Abdullah ibn Məs`ud, Übəy ibn Kə`b və başqaları dəfələrlə Quranı o həzrətin qarşısında oxumuş və xətm etmişdilər. Bundan başqa, Quran müxtəlif lövhələrə yazılaraq məscidə qoyulur və xalq istənilən şəkildə onlardan faydalanırdı.Quranın təhrif təhlükəsindən amanda qalmasının səbəbləri
Müxtəlif səbəblərə görə Quran təhrif təhlükəsindən amanda qalmışdır. Belə ki, İslam peyğəmbərinin (s) bu kitabın toplanmasına, qorunmasına göstərdiyi xüsusi diqqət, müsəlmanların ona qarşı dərin sevgi bəsləməsi və Quranın bütün evlərdə, məscidlərdə olması bu səmavi kitabın qorunmasına təminat vermişdir. Qurandan fərqli olaraq, Tövrat min il, İncil isə üç yüz il xalqın ixtiyarında olmamış və uzun müddət sonra toplanmışdır. Amma müsəlmanların dini kitabı, nazil edildiyi vaxtdan indiyə qədər toxunulmaz olaraq qalmış, nə azalmış, nə də çoxalmışdır. Böyük Şiə alimləri tarix boyu Quranın toxunulmazlığını isbat etmişlər. Belə ki, möhtəşəm hədis alimi Şeyx Səduq, məşhur fəqih Şeyx Müfid, Şeyx Tusi, böyük təfsir alimi Şeyx Təbərsi və başqaları Quranın təhrif edilmədiyini sübuta yetirmişlər.
Nəticə: Peyğəmbərin (s) əbədi möcuzəsi olan Quran hər növ təhrifdən amanda qalmış və bu gün əlimizdə olan bu səmavi kitab eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Məsum imamlarımız (ə) da haqqı batildən ayırmaq üçün bu quranı meyar bilmiş, buna müvafiq olmayan məsələləri rədd etmişlər. Onlar bu müqəddəs kitabın öyrənilməsinə, qorunmasına, əzbərlənməsinə, onun göstərişlərinə əməl edilməsinə, ayələrin tilavətinə qulaq asılmasına böyük diqqət yetirmiş və insanların maddi, mənəvi, siyasi, iqtisadi, ictimai problemlərinin həmişəlik həlli yolunu bu kitabın oxunub icra edilməsində görmüşlər.
Müzakirələr
“Quran, Peyğəmbərin (s) əbədi möcüzəsi” yazısı üçün şərh yaz
Şərh yazın