Xəbərlər

Günahları yandıran ay

Ramazan ayıQarşıdan ayların tacı – mübarək Ramazan ayı gəlir. Bu ay – vücudi dirilik, şəxsiyyətin intibahı, insanlıq missiyasına qayıdış baxımından fövqəladə fürsətlər təqdim edir. Uca Allahdan duamız budur ki, cəmi insanlara bu nəcib fürsətdən yetərincə yararlanaraq, gözəl mənəvi-ruhi nailiyyətlər əldə etmək tofiqini qismət etsin, inşəallah!
RAMAZAN AYININ ORUСUMübarək Ramazan ayında insanın təravət bulağı ilə yenilənməsi öz-özünə baş vermir. Bu – iradəvi seçim etdikdə, müəyyən əməllərin, duaların, gözəl işlərin sayəsində olur. Bu əməllər içərisində təsir baxımından ən önəmlisi, ən vacibi – orucdur. Orucun xüsusiyyətləri barəsində çox danışmaq olar, lakin, bu əməlin mahiyyətinə varmaq üçün ən effektli yol – mübarək dinimizin ana sütununa – Qurani-Kərimə müraciət etməkdir. Belə ki, Allah Təala Qurani-Kərimin «Bəqərə» surəsinin 183-cü ayəsində buyurur: «Ey o kəslər ki, iman gətirmişlər! Oruc tutmaq sizin üçün vacib qərar verildi. Necə ki, sizdən öncəkilərə də vacib qərar verilmişdi. Ta ki, təqvalı olasınız».

Gördüyümüz kimi, mübarək ayənin ünvanı – iman gətirmiş insanlardır. Yəni, o kəslərdir ki, Allah Təalaya iman gətirmiş və Onun buyuruşlarını özləri üçün həyat yolu olaraq müəyyən etmişlər. Ayədə orucun vacibliyi vurğulanır. Bu o deməkdir ki, oruc bəzi digər əməllər – sədəqə, ehsan, başqa gözəl əməllər kimi sadəcə bəyənilən, məsləhət görülən deyil. Ramazan ayının orucu vacib İlahi göstərişlərdəndir və bunu üzürlü səbəblər olmadan (xəstəlik, səfərdə olma kimi) tərk etmək – insanın özünə zülm etməsi və nəticə etibarilə, haqq-hesab çəkilən gündə cavabdehliklə nəticələnir. Yəni, Ramazan ayında oruc tutmamaqla insan öz mənəvi aləminə o qədər dərin yaralar vurur ki, əmələn tövbə olmayan təqdirdə, bu yaraların sağaldılması İlahi cəza ilə baş verir.

Eyni zamanda, mübarək ayədə orucun öncəki qövmlərə də vacib buyrulduğu bəlli edilir. Və orucun əsas hədəfi kimi, təqvaya yetişmək göstərilir. İnsanın oruc tutması – onun öz nəfsani istəkləri qarşısında duruş gətirməsi baxımından son dərəcə zəruri bir şərtdir. Oruccərliklərdən çəkinmək iqtidarına malik ola bilər. Belə halda insan bu mənfilikləri eybəcərlik kimi görər, bunların dağıdıcı mahiyyəti barədə məriftə yetişmiş, yetərincə məlumat almış olar. Bunları eybəcər olaraq görüb, bunlardan çəkinməyin vacibliyini dərk edər. Bu dərketməni də realizə etməyə mənəvi gücü çatar – onun ruhunda bir təmizlənmə, bir qüdrətlənmə baş verər ki, insan mənfiliklərə sipər çəkə, cisminin onlara doğru getməsinin qarşısını ala bilir.

İMAN ƏHLİNƏ MÜRACİƏT

Diqqət yetirsək, burada insanın özünü idarə edə bilmək qabiliyyətinə bir dəvət var. Gündəlik həyat burulğanı bir çox insan üçün müəyyən qapalı dövrə əsasında hərəkəti labüd edir və insan vaxtaşırı öz durumunu təhlil etmədikdə, bu dövrəni yara, bu qapalı dairədən, bir-birini əvəzləyən eyni mahiyyətli günlərin silsiləsindən qurtula bilmir. Amma gündəlik özünü təftiş edən insan, əlbəttə ki, bu qapalı hərəkətin dilsiz-ağızsız müşahidəçiliyindən çıxır. Və Allah Təala müəyyən vaxtlar qərar vermişdir ki, bunların köməyilə insan öz durumunu əsaslı surətdə dəyişdirə bilir. Buraya ilk növbədə gündəlik namazlar aiddir. Həftəlik yük götürmə baxımından cümə günü iman əhlinə güclü dəstək verir. Amma ilin mənəvi-ruhi konsentrasiyası məhz mübarək Ramazan ayında baş verir. Bu ayda bir çox önəmli nöqtələr var ki, onlardan bəhrələnən bəndənin durumu Allah istəyənə doğru olur.

Beləliklə, orucun hədəfi olaraq təqva göstərilir, insanın özünü idarə etmək qabiliyyətinə yiyələnməsi, günahlardan qaçması, yaxşılıqlara can atmaq və eybəcərliklərdən çəkinməklə səciyyələnən bir sabit daxili vəziyyətin onda bərqərar olunması məqsəd olaraq bəlli edilir.

Mübarək ayədə olan müraciətin ünvanına bir daha qayıdaraq, qeyd etməliyik ki, burada iman əlinə müraciət var. İman əhlini nə səciyyələndrir? İlk növbədə dinin vacibatlarına riayət etmək məsələsi. İmanın dəqiq formulu Həzrət Peyğəmbərin (s) mübarək dilindən belə təqdim edilir: «İman – qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etmək deməkdir».

Gördüyümüz kimi, burada imanın tərkib hissələri göstərilmişdir. İlk öncə burada imanın qəlbə yer tapmasını bir bünövrə kimi görürük. Sonra imanın insanın nitqində yer almasını, qəlbi durumunun dildə təsdiqini müşahidə edirik. Və nəhayət, dinimiz insanın hər bir əməlini qəlbi imanının bir təzahürü olaraq görmək istəyir. İnsanın oturuşunda-duruşunda, hərəkətlərində, həyatın hər bir vəziyyətində tutduğu mövqedə onun imanının izi görülməlidir. Əlbəttə ki, burada müxtəif mərtəbələr və məqamlar vardır, söhbət ondan gedir ki, insan bu yolu tutsun. İnşəallah, Allah Təala da bəndənin səylərini Öz lütfü ilə bərəkətləndirər.

İMAN ƏMƏLLƏ TƏSDİQLƏNMƏLİ

Öncəki hədisdə göstərilən «dillə iqrar» məfhumu elə başa düşülməməlidir ki, imanlı olmasından danışan hər bir kəs elə imanlıdır. Burada bildirilir ki, insanın qəlbində olan iman onun dilində, danışığında təsdiqini tapmalıdır. Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə bu mövzuya işarə edilir: «İman – iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi bir şeydir».

İman o deyildir ki, insan özünə və ətrafına desin: «mən beləyəm» və yaxud «mən belə olacağam». İddia və arzular imanın mövcudluğuna dəlalət etmir və bunların yaranması üçün bəs etmir. Əməlsiz iman yoxdur. İman və əməl iki qardaşdır, bir şeyin iki daşıyıcı sütunudur. Peyğəmbərimiz (s) buyurur: «Əməl və iman – bir ipə bağlanmış iki qardaşdır. Allah onların birini, digəri olmadan qəbul etmir».

İmansız əməl və eynilə, əməlsiz iman qəbul olunmaz. Əməl imanın bünövrəsində olmalı, iman əməllə təsdiqini tapmalıdır. Həzrət Əli (ə) buyurur: «Əgər iman təkcə söz(lə) olsaydı, oruc və namaz, halal və haram nazil olmazdı».

Mübarək hədisdə təsdiq olunur ki, imanın dillə iqrarı kifayətedici deyil, insanın özünü sadəcə imanlı elan etməsi bəs deyil. Burada zəruri və kafi şərt odur ki, insan öz iman gətirməsini əməllərilə təsldiqləsin.

GÜNAH – XƏSTƏLİKDİR

Qeyd etdik ki, əziz Ramazan ayı ilə bağlı ayədə Allah Təbarəkə və Təalanın iman əhlinə müraciəti var. Müraciətin mahiyyəti əziz ayda vacibi orucu tutmaqla təqva libasına bürünməkdir. Bəs bu mübarək ayın özü nə ilə səciyyələnir? Hansı əsas cəhət Ramazan ayını digər aylardan fərqləndirir?

İslami mətnlərin təhlili göstərir ki, Ramazan ayının səciyyəvi xüsusiyyətlərindən biri – günahı yandırmaq, məhv etməkdir. Böyük İslam Peyğəmbərindən (s) nəql edirlər: «Ramazan ayı günahları yandırdığına görə «Ramazan» adlandırılmışdır».

Müasir insanın yaşadığı ən böyük böhran – mənəvi durumla bağlıdır. Javan-qocalığından, imkanından, şəraitindən asılı olmayaraq, demək olar ki, istənilən insan bu gün mənəvi sahədə irili-xırdalı müşküllər hiss edir. Zaman keçdikcə, elmi-texniki inkişaf getdikcə, insanın özünə vaxt ayırmaq imkanı azalır. Özü də mühüm nöqtə odur ki, bu azalma obyektiv faktorlardan çox, məhz subyektiv amillərdən qaynaqlanır. Yəni, insan süni surətdə özünə vaxt ayırmağı azaldır. Bu xüsusda, Rəhim və Rəhman Allah, bəndəsinin islahı, özünə gəlişi üçün əlamətdar günlər və aylar müəyyən etmişdir ki, arzu və niyyəti olan insan bunlardan bəhrələnə bilsin.

Məlum olduğu kimi, belə zaman kəsimlərinin təsir baxımından ən güclüsü – mübarək Ramazan ayıdır. Bu əziz ayda insan özü ilə məşğul olmağa imkan əldə edir. Allah Təala da bəndəsini sonsuz rəhmətilə əhatə edərək, onun xəta və səhvlərini öz məğfirət, bağışlama nəzəri ilə aradan aparır.

Dinimizin nəzərində günah – qəlb xəstəliyinin təzahürüdür. Əmirəlmösminin Həzrət Əli (ə) buyurur: «Günahlar – xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar (bağışlanmaq) diləmək və şəfası – bir daha o günahı təkrar etməməkdir».

GÜNAHLA RAZILAŞMAQ MÜSİBƏTİ

Təbii ki, ən gözəl durum – insanın günah etməməsidir. İnsan öncədən günahdan çəkinmək xəttini götürsə, onun ruhi səyləri bu günahın dağıdıcı təsirlərini aradan aparmağa deyil, öz mənəvi yüksəlişi üzərində çalışmaqdır. Özü də günah birdən-birə baş vermir. Lənətlik iblis insanın qəflətə düşməsinə çalışır, qəlbinə vəs-vəs etməklə giçik xətalardan, günahlardan başlayır, insanı öyrəşdirdikdən sonra, böyük günahlara sövq edir. Burada ən təhlükəli cəhət – insanın kiçik günaha vərdiş etməsidir. Həzrət Əli (ə) buyurur: «Ən pis günah – günahkarın onu yüngül, kiçik saymasıdır».

İnsan günahı kiçik saydıqda, bu onun üçün adiləşir. İnsan tədricən mənəvi tənəzzülə qol qoyur, günah etmək onun üçün vərdiş halına düşür. İnsan böyük günahlara müqavimət göstərmək iqtidarında olmur, onun günaha sinə gərmək əzmi zəifləyir, aradan gedir. İnsan artıq öz islahı üçün çalışmır.

İmam Rza (ə) buyurur: «Kiçik günahlar böyük günahlara açılan bir yoldur. Allah qarşısında az günahdan qorxusu olmayan kimsə, çox günahda da Ondan qorxmaz».

Dinimiz günaha münasibəti imanın mövcudluğu ilə əlaqələndirir. Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqətən, mömin özü günahını, üstünə düşəcəyinən qorxduğu böyük bir qaya kimi görür. Kafir isə öz günahına, burnunun qabağından (vızıldayıb) keçən bir milçək kimi baxır».

İman gətirən insan, günahın törədəcəyi fəsadlardan, qəlbinə vurduğu yaralardan agahdır və bu səbəbdən günaha böyük təhlükə mənbəyi, onun vücudunu aradan apara biləcək bir amil qismində baxır. İmansız insan isə bütün səyini maddi şeylərin əldə edilməsinə yönəldir və öz ruhiyyəsi onu maraqlandırmır. Bu səbəbdən də günahın dağıdıcı mahiyyətinə varmır.

Eyni zamanda, dinimiz günah mövzusuna başqa baxış bucağından nəzər salmağı təklif edir. Əziz Rəsuli-Əkrəm (s) buyurur: «Günahın kiçikliyinə baxmayın. Ancaq baxın, görün kimə qarşı ədəbsizlik etmisiniz».

Ləyaqətli insan nəinki valideyninə, heç özgə insana qarşı da ədəbsizlik etməyi şəxsiyyətinə sığışdırmaz. O ki qalsın Aləmlərin Rəbbi olan Uca Allaha qarşı ədəbsizlik olsun! Aydındır ki, özünə hörmət edən heç bir şəxs şüurlu olaraq belə rəzilliyə qol qoymaz.

İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: «Günahını kiçik saymaq və bu vəziyyəti ilə razılaşmaq kimi müsibət yoxdur».

Günahı ilə razılaşan insanın islahat üçün zəruri olan durumu olmur. Onun taqəti belə olmur özünü düzəltsin. Günah etmək onun üçün artıq vərdiş halını alır. Beləsi üçün günahdan qurtulmaq qeyri-real bir anlayışa çevrilir.

CƏZASI TEZ YETİŞƏN GÜNAHLAR

Məlumdur ki, bu dünya axiətin əkin yeridir. İnsan həyatı boyu etdiyi yaxşı əməllərin də, pis əməllərin də müvafiq əvəzini axirtədə görəcəkdir. Amma elə günahlar var ki, onların axirət cəzası öz yerində, dünyadaca cəzası günahkara yetişəcəkdir. Allah Rəsulu (s) buyurur: «3 günahın cəzası bu dünyada çatar və axirətə qalmaz: ata-ananı incitmək; xalqa zorakılıq və zülm etmək; başqalarının yaxşılıqlarına qarşı naşükürlük etmək».

Ruhiyyəyə dərin əxlaqi və mənəvi ziyanlar vuran bu günahların müqabilində İlahi cəza həmin günahı törətmiş şəxsə bu dünyadaca yetişər. Başqaları həmin şəxsin acı aqibətinə baxaraq, ibrət götürməli, qəlblərini məhvedici fəsadlar üçün açmamalıdırlar. Valideynin üzünə ağ olanların, zalımların, xalqa zülm edən uğursuzların aqibəti bəllidir.

Günahlar xəstəlikdirsə, onların dərmanı tövbə, bağışlanmaq diləməkdir. Həzrət Peyğəmbər (s) buyurur: «Hər dərdin dərmanı var. Günahların da dərmanı istiğfardır (bağışlanmaq diləməkdir)».

Qarşıdan mübarək Ramazan ayı gəlir. Hər bir insan üçün burada ruhiyyəsini təravətləndirmək, daxilini islah etmək üçün böyük fürsətlər vardır. Həzrət Rəsulullah (s) buyurur: «Ramazan ayının ilk gecəsi asimanın qapıları açılar və son gecəsinədək bağlanmaz».

Mübarək Ramazan ayının şəfaveriсi mahiyyəti barədə İmam Muhəmməd Baqirdən (ə) nəql edilən bir hədisdə xüsusi şirinliklə bildirilir: «Şaban ayının sonuna 3 gün qalmış Allahın Rəsulu (s) Bilala tapşııq verərdi ki, сamaatı toplaşmağa səsləsin. Jamaat toplaşanda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, səna söylədikdən sonra buyurardı: «Ey insanlar! Həqiqətən, bu ay sizə tərəf üz tutub və bütün ayların ağasıdır. Onda bir geсə vardır ki, min aydan üstündür. Bu ayda jəhənnəmin qapıları bağlanar, behiştin qapıları isə açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah Təala onu Öz rəhmətindən uzaqlaşdırar»».

Mübarək Ramazan ayı hər bir fərdə, hər bir bəndəyə İlahi rəhmətlə dolu vəziyyətdə yaxınlaşır. Əgər insan bu böyük fürsətdən faydalana bilməsə, o, özünü İlahi rəhmətdən məhrum edər. Allah Təala сəmi insanlara bu rəhmətdən bəhrələnmək tofiqini qismət etsin!

Allahım! Qəlblərimizi iman nuru ilə doldur! İnsanların imana gəlməsini, günaha müqavimət göstərmək əzmində olmasını, günahla razılaşmayanlardan, kamalı seçənlərdən, Peyğəmbər (s) və Əhli-beytin (ə) həqiqi davamçılarından olmasını nəsib et! Xəstələrin, yoxsulların, müşkülü olanların çətinliklərinin həllini, işğal altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ji İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!

Haсı İlqar İbrahimoğlu
ilahiyyatçı-filosof,
İçərişəhər «Cümə» məsсidinin imam-сamaatı
WWW.DEYERLER.ORG

Müzakirələr

“Günahları yandıran ay” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər