
Onları ən üstün adamlara əmanət kimi vermişdir; ən xeyirli bətnlərdə qərar tutdurmuşdur. Onları ən uca bellərdən ən təmiz bətnlərə axıtmışdır. Onlardan köçənlər köçdükcə, Allah dinini qurmaq və qorumaq üçün yerlərinə başqalarını gətirmişdir. Beləcə, nöqsan sifətlərdən münəzzəh olan Allahın lütfü, Allahın rəhməti ona və soyuna olsun, peyğəmbərlik Mühəmmədə çatmışdır. Onu, yetişmək baxımından ən üstün yerdən yetişdirmiş, əkilib boy atmaq baxımından ən uca yerdən üzə çıxarmışdır.Elə bir ağacdan yetişdirmişdir ki, peyğəməbərlərini o ağacdan meydana gətirmişdir; əmin adamlarını o kökdən seçmişdir. Onun əsli-əsllərin ən xeyirlisidir, onun nəsli-nəsillərin ən xeyirlisidir. Ağacı, ağacların ən yaxşısıdır; hərəmdə bitmiş, kərəm tarlasında boy atmışdır.
O ağacın uzun-uzun budaqları, şivləri vardır; meyvəsinə hər adamın əli çatmaz. O, Tanrıdan çəkinənin imımıdır; doğru yolu tapanın can gözüdür. Elə bir işıqdır ki, par-par yanar; elə bir ulduzdur ki, işığı göz qamaşdırar; elə bir işıq verir ki, parıltısı nur saçar. Yolu dosdoğrudur, orta bir yoldur; tə`limi gerçəkdir; sözü haqla batili müəyyən edər; hökmü ədalətin özüdür. Onu, peyğəmbərlərin göndərilməsinin arası kəsildiyi, xalqın yaxşı işlərdən uzaqlaşdığı, ümmətlərin cahilliyə düşdüyü bir çağda göndərmişdir (1).Allah sizə acısın, açıq-aydın dəlillərə uyun; yol aydınlıqdır, doğrudur, sizi salamatlıq yurduna çağırmaqdadır. Fürsət və möhlət əlinizdə ikən yönəlin o doğru yola. Əməl dəftərləri açıq, qələmlər yazmaqdadır. Vücudlar sağ-salamat, dillər tutulmamış. Tövbə qəbul edilmədə, əməllər məqbul olmadadır.
***
(1) Həzrəti Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Doğrudan da, Allah məxluqatını yaratdı və məni onların ən xeyirlisi bölüyündən etdi. Sonra qəbilələrdən xeyirlisini seçdi; məni ən xeyirli qəbiləyə mənsub etdi; sonra evləri seçdi; məni ən xeyirli evə verdi; mən ən xeyirlinizəm, həm də ən xeyir evdənəm» və «Allah İsmail övladından Kənanəni, Kənanədən Qüreyşi, Qüreyşdən Haşim oğullarını seçdi; məni də Haşimoğulları arasından seçdi» (Camiüs-Səğir, 1, s. 56, 58) və babalarını saydıqdan sonra özünə və babalarına cəhaliyyət çirki bulaşmadığını, Adəmdən e`tibarən babalarıının nigahla doğulduğunu, nəsil və ata baxımından ən xeyirli olduqlarını bildirmişdir (eyni mənbə, s. 89).
Müzakirələr
“Bu xütbələrində peyğəmbərləri (ə) belə anlatmaqdadır:” yazısı üçün şərh yaz
Şərh yazın