
Allahın adı ilə! O, onu sevəni sevir və ona iman gətirəni əziz tutar.
Müqəddəs İslam təqvimi ilə hicri qəməri tarixi, zil-hiccə ayının onuncu günü Qurban bayramıdır. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bu günün mübarək olması haqda İmam Riza (ə) belə buyurmuşdur: Qiyamət bərpa olanda “dörd günü” bəxt evinə aparılan gəlin tək Allahın dərgahına apararlar. Soruşdular: Buyurduğunuz dörd gün hansı günlərdir? İmam Riza (ə) buyurdu: “Qurban bayramı”, “Fitr bayramı”, “Cümə günü” və “Qədir Xum bayramı”.
Qurban bayramının tarixi həzrət İbrahim (ə) və onun əziz oğlu həzrət İsmail (ə)-ın Allahu-təala (c.c.) tərəfindən növbəti dəfə imtahan olunması ilə bağlı olan hadisəyə dayanır.
İbrahim Peyğəmbərin yaşının çox olmasına baxmayaraq hələ də övladı yox idi. Günlərin birində Allahu-təala (c.c.) tərəfindən ona oğlunun olacağı müjdəsi verildi. Bu mübarək körpə 5 ərəb Peyğəmbərindən biri olan həzrət İsmail (ə) idi və o İbrahim (ə)-ın Hacər adlı həyat yoldaşından dünyaya gəlmişdi.
Rəvayətə əsasən İsmail on üç yaşındaikən İbrahim Peyğəmbərə yuxuda əmr olundu ki, sevimli oğlu həzrət İsmaili (Minada) Allahu-təalaya (c.c.) xatir qurban kəssin. Həzrət İbrahim də söz verdi ki, belə də edəcək. Beləliklə bir gün Allahu-təala (c.c.) İbrahim Peyğəmbərə buyurur ki, verdiyi sözü yerinə yetirsin.
Həzrət İbrahim səcdə edərək deyir: Ya Rəbbim! Əmrinə müntəzirəm. İbrahim İsmailin anası Hacərin yanına gəlib deyir: – “Hacər, İsmailin başını yu. Ona təzə paltar geydir. Mənim mötəbər bir dostum var, hər ikimiz birlikdə ona qonaq gedəcəyik.” Hacər İbrahimin dediklərinə əməl etdi.
İbrahim peyğəmbər öz oğlunu çox sevsə də nəfsini cilovlamaq onun üçün asan idi. Bu isə ilahi eşqin gücündən idi. Beləliklə həzrət İbrahim oğlu İsmaillə Ərəfat dağına yollanır. Səfər zamanı şeytan üç dəfə onların qarşısına çıxır, çalışır ki, İsmaili yolundan döndərsin. Axırıncı dəfə şeytan onların qarşısına çıxarkən İsmail əyilib yerdən daş götürür və atıb şeytanın gözünü kor edir. Elə həmin vaxtdan Mina vadisində Hümmərə daş atırlar. Müsəlmanlar Həccə gedərkən oraya daş atmadan ötüb keçmirlər.”
Ərəfat dağında əvvəlcədən nəzərdə tutulmuş yerə gəlib çatdıqda İbrahim öz oğluna buyurdu: “Oğlum, mən yuxuda gördüm ki, səni qurban kəsirəm.
Bu barədə sənin fikrin nədir?” İsmail (ə) cavab verdi: “Atacan, hər nə göstəriş verilib, icra et! İnşə-Allah məni səbr edənlərdən görəcəksən.”
İbrahim Peyğəmbər İsmaili üzü üstə yerə uzandırır. İsmailin son anda söylədiyi sözlərdəki, məntiqə və ədəbə nəzər yetirdikdə insanı heyrət bürüyür. İsmail deyir ki: Mənim əllərimi və ayaqlarımı bağla. Bağla ki, boğazıma bıçaq çəkəndə əl-ayağım sənə dəyməsin. Birdən Allahu-təala (c.c.) qarşısında itaətsizlik etmiş olaram.
Daha sonra bıçağı boğazıma tez çək və çəkəndə mənə yazığın gəlməsin, yazığın gələrsə, Allahu-təala (c.c.) qarşısında itaətkar olmayan kimi görünərsən.
İbrahim Peyğəmbər özünü bir təhər ələ alıb bıçağı var gücü ilə İsmailin boğazına çəkir. Lakin bıçaq kəsmir ki, kəsmir. İbrahimin və İsmailin tam şəkildə Allahu-təalaya (c.c.) təslim olmasının müqabilində Saffat surəsi 103-105-ci ayələrində buyurur: “O vaxt ki, hər ikisi təslim oldular. Və İbrahim onu alnı üstə torpağa yıxdı. Ona (belə) nida etdik: Ey İbrahim! Artıq o yuxunu gerçək etdin. Həqiqətən biz əməlisalehlərə bu cür mükafat verərik.” Bıçağı zərbnən daşa çırpır, bu an daş iki yerə bölünür. İbrahim Peyğəmbəri təəccüb bürüyür.
Bu məqamda Cəbrail mələk (ə) nazil olur və təkbir səsini ucaldır. İbrahim nicat vaxtının yetişdiyini başa düşür. Cəbrail İbrahim Peyğəmbərə deyir:
- Götür bu qoçu İsmailin əvəzinə kəs. Allahu-təala (c.c.) bu qoçu dörd yüz il əvvəl yaratmışdır. Yaratmışdır ki, indi qurban kəsilsin!Allahu-təala (c.c.) tərəfindən göndərilən qurbanlıq qoç İbrahim Peyğəmbərin Yaradanın yanında olan qiymətindən irəli gəlirdi. Həzrəti İbrahim Tovhid(Allahu-Təalanın (c.c.) təkliyini) elan etməklə, əsarət bəndlərini qopardı və Adəm övladını hər növ köləlikdən xilas etdi.
İmam Əli (ə) belə buyurubdur: “İnsanın qiyməti onun əməlləri ilə bağlıdır!” İbrahim də bu qiyməti öz əməlləri və əvəz olunmaz iradəsi, dözümü ilə qazanmışdı. Uzun illər öncə təməli qoyulmuş mübarək Qurban bayramı hər bir kəsə mübarək və bərəkətli olsun.
Tarixdə bu me’yara ən bariz nümunə Kərbəla səhrasında İmam Huseyn (ə)-ın öz Rəbbi yolunda verdiyi qurbanlardır. Özü başda olmaqla bütün dostları, əhli-əyalı, oğul-qızları, hətta altı aylıq görpəsi belə Kərbəla adlı qurbangahda susuz kəsildi.
İbrahim (ə) Minaya tək bir qurbanla gəldiyi halda, İmam Huseyn (ə) Kərbəlaya özü ilə birlikdə 72 qurban gətirmişdi. Əhli-Beyt şairi, İmam Huseyn (ə) xidmətçisi Muhəmməd Füzuli (r.ə.) bu haqda buyurur:Düşdü İbrahim məgər şövqi həvayi eşqə,
Etmədi tabu vəli dərdu o bəlayi eşqə,
Gəldi bircə qurbanı ilə o Minayi-eşqə
Gəlmişəm Kərbübəlayə yetmiş iki qurbanım ilə.
Allah yolunda qurban verməyi bacaran hər kəsin məqam və qiyməti uca və əbədidir. Mütəal Allah Onun yolunda çəkilən əziyyətləri, verilən qurbanları heç vaxt cavabsız qoymaz.
İndi isə qurban kəsəndə hansı heyvanlardan kəsilməlidir sualına İslam alimlərindən birinin cavabını sizlərə təqdim edirik:
Qurbanlıq üçün üç növ heyvandan birini- yəni dəvə, inək, və ya qoyunu kəsmək lazımdır.Belə ki: 1.Dəvə altı yaşdan yuxarı, inək və keçi üç yaşdan yuxarı, qoyun isə bir yaşdan yuxarı olsun; 2.Sağlam və salamat, hər əzası yerində olsun; 3.Çox qoca olmasın; 4.Qüsurlu, kor, axsaq və quyruqsuz olmasın; 5.Arıq olmasın; 6.Xayalı olmalı və buruq olmamalıdır.
Oxucuların nəzərinə çatdırırıq ki, qurban kəsmək Həccdə vacib, başqa yerlərdə isə vacib deyil. Ancaq bəyənilmiş müstəhəb əməl olduğuna görə bütün imkanı olanlara tövsiyyə edilir. Allahu-Təala (c.c.) kəsdiyiniz qurbanları qəbul etsin! Amin!
Qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirik!
islam-azeri.az
Müzakirələr
“Qurban bayramınız mübarək” yazısı üçün şərh yaz
Şərh yazın